Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən IPU İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında iştirak edib.
Bu barədə Day.Az xəbər verir.
Açılışda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak edib.
Parlamentlərarası İttifaqın (IPU) Avrasiya Qrupu üzrə İcra Komitəsinin vitse-prezidenti S. Mikayılova həmçinin 15-19 aprel tarixlərində İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak edəcək. Tədbirdə Parlamentlərarası İttifaqın bütün qanuni orqanları, o cümlədən İdarə Heyəti, daimi komitələr, parlamentin insan hüquqları, Yaxın Şərq və səhiyyə komitələri, eləcə də Qadın Parlamentçilər Forumu və Gənc Parlamentçilər Forumu iştirak edəcək.
Assambleyanın ümumi müzakirəsi "Ümidin qorunması, gələcək nəsillər üçün sülhün və ədalətin təmin edilməsi" mövzusu altında keçiriləcək və müzakirə, fikir mübadiləsi və parlament təşəbbüslərinin inkişafı üçün platforma təmin edəcək.
Assambleyanın nəticələrindən sonra təcili məsələ ilə bağlı, eləcə də Sülh və Beynəlxalq Təhlükəsizlik üzrə Daimi Komitənin - "Münaqişədən sonrakı effektiv idarəetmə mexanizmlərinin inkişaf etdirilməsində və ədalətli və davamlı sülhün bərpasında parlamentlərin rolu" və Davamlı İnkişaf üzrə Daimi Komitənin - "Ədalətli və davamlı qlobal iqtisadiyyatın formalaşdırılması: Proteksionizmlə mübarizədə, tariflərin azaldılmasında və korporativ vergi ödəməkdən yayınmanın qarşısının alınmasında parlamentlərin rolu" mövzularında qətnamələrin qəbul edilməsi planlaşdırılır.
Assambleyanın ümumi müzakirənin əsas mövzusu üzrə yekun sənədin qəbul edilməsi ilə başa çatacağı gözlənilir.