Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanın stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova Türkiyə Superliqasının bürünc mükafatına layiq görülüblər.
Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, “Masa Der Spor Klubu” tərəfindən dəvət alan milli komandanın üzvləri Ankara təmsilçisinin üçuncü yer tutmasında muhüm rol oynayıblar. Təcrübəli idmançılar "Masa Der Spor Klubu"nun son iki turun 9 qarşılaşmasından 7-də qazandığı qələbələrdə əsas pay sahibi olublar.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı yarışda çempion adını "Çukurova Universitesi" komandası qazanıb. İkinci yeri isə "Çorum Belediyyesi ASK" kollektivi tutub.
Stolüstü tennisçilərimizin Türkiyə Superliqasında çıxışı idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.