2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 4 milyard 049, 8 milyon manat həcmində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,9 faiz artım deməkdir. Artım ölkədə investisiya fəallığının yüksəldiyini və iqtisadi layihələrin icrasının genişləndiyini göstərir.
Hesabat dövründə qeyri neft-qaz sektoruna yönəldilən investisiyalar da artım nümayiş etdirib. Belə ki, bu sahəyə qoyulan investisiya həcmi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,2 faiz artaraq 2 milyard 523,9 milyon manata çatıb. Bu isə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirilir. Qeyd olunur ki, əsas kapitala yönəldilən vəsaitlər infrastruktur layihələrinin həyata keçirilməsi, sənaye və tikinti sektorunun inkişafı, həmçinin regionlarda sosial-iqtisadi layihələrin icrası baxımından mühüm rol oynayır.
Ekspertlər bildirirlər ki, investisiya qoyuluşlarının artması ölkədə iqtisadi sabitliyin möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına və biznes mühitinin daha da yaxşılaşmasına şərait yaradır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”