futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Misli Premyer Liqasında sona altı tur qalıb. “Sabah” 66 xalla birinci sıradadır. İkinci “Qarabağ” isə liderdən 10 xal geri qalır. “Atlılar”ın ehtiyatda bir oyunu da var.
Millinin sabiq baş məşqçisi Vaqif Sadıqov “Futbolpress.az“a açıqlamasında çempionluq mübarizəsindən söz açdı:
“Mövsümün əvvəlində deyirdik ki, liqada konkret nəsə demək olmur. Kimin favorit, kimin düşməyə əsas namizəd olduğunu qeyd edə bilmirdik. İndi də bunun şahidi oluruq. “Sabah” liderdir, “Qarabağ” onu izləyir. Arada xal fərqi var, ancaq hələ çempionluğun həll olunduğunu deyə bilmirik. Məncə, qarşıdakı oyun (red- “Qarabağ” – “Sabah” matçı) qızıl medallar üçün həlledici olacaq.
“Sabah” tək rəqiblərlə yox, həm də özüylə bacarmalıdır. Onlar oyunun ciddiyətini bilirlər. Bu matçda məğlub olmazlarsa, demək olar, çempionluğun taleyini həll edəcəklər. Matça böyük maraq var. İndidən görürəm ki, azarkeşlər bilet axtarışındadır. Meydanda liderlərin duelinə yaraşan atmosfer olacaq”.
“Qarabağ” “Sabah”la həm liqada, həm kubokda, daha sonra “Neftçi” ilə çempionatda ardıcıl oyunlar keçirəcək. Mütəxəssis “atlılar”ın belə təqvim üçün kifayət qədər təcrübəli olduğunu vurğuladı:
“Qarabağ”ın sıx qrafiki var, amma onlar kifayət qədər təcrübəlidir. İstər liqada, istər Çempionlar Liqasında dəfələrlə belə situasiyalar yaşayıblar və ona görə düşünmürəm ki, çətinlik olsun. İstərdim, hər klubumuz belə sərt qrafiklərə hazır olsun”
Sadıqov çempionatda ardıcıl 4 qələbə qazanan “Neftçi” haqda da fikirlərini bölüşdü:
“Hesab edirəm, Vernidubun gəlişiylə komanda artırıb. O, ilk müsahibəsində demişdi ki, hədəf avrokuboklardır və bu yolda irəliləyirlər. Oyundan-oyuna inkişafı görürük. Komanda məzmunlu futbol göstərir. Son turlar onu göstərir ki, “Neftçi” avrokuboklara iddialıdır. Öz oyunu və istəyiylə buna yaxınlaşır”.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.