EN

“Ipsos”un sorğusu: İsveçdə millətçi partiyalar populyarlıq qazanır

Stokholm, 13 aprel, AZƏRTAC

“Ipsos” tərəfindən “Dagens Nyheter” nəşrinin sifarişi ilə keçirilmiş sorğuya əsasən, sosial-demokratların lideri Maqdalena Andersson payız seçkiləri ərəfəsində İsveçin Baş naziri vəzifəsinə ən populyar namizəd olaraq qalır. Respondentlərin 36 faizi onu dəstəkləyir. Bununla belə, mülayimlərin lideri Ulf Kristersson kimi onun da mövqeləri zəifləyir.

AZƏRTAC “Dagens Nyheter” nəşrinə istinadla xəbər verir ki, hazırda U.Kristerssona sorğuda iştirak edənlərin 16 faizi dəstək verir. Bu isə 2022-ci ilin göstəricilərindən xeyli aşağıdır. Eyni zamanda, ifrat sağçı millətçi “İsveç demokratları” partiyasının lideri Yimmi Okesson mövqelərini gücləndirir. Onun dəstəyi 15 faizə yüksələrək demək olar ki, U.Kristerssonun göstəricisinə çatıb.

“Seçicilərin artıq Maqdalena Andersson və Ulf Kristerssonun baş nazir vəzifəsində fəaliyyəti ilə bağlı təcrübələri var. Lakin Yimmie Okessonun bu vəzifənin öhdəsindən necə gələcəyini heç kim bilmir, buna görə də onun göstəriciləri əsasən ümumi qavrayış və gözləntilərə əsaslanır”, – deyə “Ipsos”un analitiki Niklas Kellebrinq bildirib.

Mülayimlər ilə “İsveç demokratları” arasında əldə olunmuş razılaşmadan sonra Y.Okessonun partiyası U.Kristerssonu sağ blokun vahid namizədi kimi dəstəkləyəcəyini vəd edib və əsas mübarizənin məhz onunla M.Andersson arasında gedəcəyi aydın olub.

Sorğu, həmçinin göstərir ki, seçicilər gələcək hökumətdə ən çox sosial-demokratları və mülayimləri görmək istəyirlər. Ən az dəstək isə son illərdə mövqeləri nəzərəçarpacaq dərəcədə zəifləyən liberallara verilib.

Qeyd edək ki, Riksdaq, regional və bələdiyyə şuralarına seçkilər sentyabrın 13-də keçiriləcək.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Chosen
52
1
azertag.az

2Sources