“Bavariya” baş məşqçi Vensan Kompani rəhbərliyi altında rekordları yeniləməyə davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Bundesliqanın son turunda “Sankt-Pauli” üzərində 5:0 hesablı qələbə qazanılan oyunda 18 yaşlı Bara Ndiaye əsas komandada debüt edib. Bununla da Münhen təmsilçisinin cari mövsümdə çempionatda meydana çıxardığı futbolçuların sayı 31-ə çatıb və bu, klub tarixində yeni rekorddur.
Bundan əlavə, komanda bir mövsüm ərzində 19 yaş və daha gənc futbolçulara ən çox şans verən kollektiv kimi Bundesliqa rekorduna imza atıb – bu göstərici səkkizdir.
Həmin qarşılaşmada “Bavariya” eyni zamanda Bundesliqa tarixində bir mövsümdə vurulan ümumi qolların sayına görə də rekordu yeniləyib – 105 qol. Mövsümün başa çatmasına isə hələ beş tur qalır.