EN

Azərbaycan-Çin hərbi tərəfdaşlığı genişlənir

Azərbaycanın hərbi tərəfdaşlıqlarını şaxələndirməsi milli təhlükəsizliyin prioritet istiqamətidir. Qardaş Türkiyə və dost Pakistanla müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə çatdıran ölkəmiz qlobal güc mərkəzləri ilə hərbi-strateji dialoqunu da genişləndirir. Azərbaycanın hərbi əlaqələr qurmaqda maraqlı olduğu dövlətlərdən biri də Çin Xalq Respublikasıdır. 

Ölkələrimiz arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 10-da Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü" keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə ediblər. Azərbaycan-Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb. 

Ölkəmizin çoxvektorlu diplomatiyasında Çin faktoru hərbi arsenalımızı ən müasir rəqəmsal və intellektual texnologiyalarla zənginləşdirmək, eyni zamanda Orta dəhlizin təhlükəsizlik arxitekturasını möhkəmləndirmək məqsədi daşıyır.  Xüsusən, Vətən müharibəsindən sonra hərbi doktrinasını ən müasir standartlara uyğun yeniləyən Azərbaycan üçün Çinin texnoloji innovasiyaları, Pekin üçün isə ölkəmizin strateji coğrafi mövqeyi bu tərəfdaşlığı vazkeçilməz bir zərurətə çevirir. Bu tərəfdaşlıq Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki balanslı mövqeyini tamamlayır. Azərbaycan NATO standartlarını tətbiq etməklə yanaşı, Çin ordusunun sürətli modernləşmə modelini və intizam strukturunu da yaxından izləyir. Həmçinin Pekinlə qurulan hərbi dialoq, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi platformalarda mövqeyini möhkəmləndirir. 

Azərbaycan-Çin arasında hərbi əlaqələr işçi görüşlərlə məhdudlaşmır, həm də hərbi-texniki, təhsil və təcrübə mübadiləsi sahələrini əhatə edir. 2019-cu ilin oktyabrında Pekində müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə hərbi-texniki və hərbi-tibb sahələrində əməkdaşlığı genişləndirmək üçün hüquqi bazanın gücləndirilməsi qərara alınıb. 2024-cü ilin iyulunda tərəflər Strateji Tərəfdaşlıq, 2025-ci ilin aprelində isə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında bəyanatlar qəbul ediblər. Bu, hərbi əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılmasının rəsmi təsdiqidir. Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəhbərliyi ilə həm Bakıda, həm də Pekində geniş tərkibli görüşlər keçirilib. Azərbaycanın hərbi rəhbərliyi mütəmadi olaraq Çində keçirilən nüfuzlu qlobal təhlükəsizlik forumuna dəvət olunur. 

Çin hazırda hərbi texnologiyalar, süni intellekt və kiber-təhlükəsizlik sahəsində dünya liderlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin istehsalı olan uzaqmənzilli raket sistemləri və pilotsuz uçuş aparatları (PUA) həm effektivliyi, həm də iqtisadi baxımdan əlverişli olması ilə seçilir. Müasir müharibə şəraitində informasiya təhlükəsizliyinin qorunması üçün Çin təcrübəsindən yararlanmaq olduqca əhəmiyyətlidir. Çin hərbi məktəbləri həm ənənəvi hərbi nizamı, həm də ən müasir texnoloji bilikləri özündə birləşdirir. Bu mənada azərbaycanlı zabitlərin Çində təhsil alması orduda intellektual potensialın artmasına və fərqli hərbi doktrinaların öyrənilməsinə imkan yaradır. Azərbaycan isə Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin mərkəzində, Orta dəhliz üzərində yerləşir. Hərbi əməkdaşlıq bu tranzit yollarının, infrastruktur layihələrinin və enerji dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsində hər iki tərəf üçün zəmanət rolunu oynayır. O baxımdan, Çin Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıdır və Azərbaycanla hərbi əlaqələr bu sabitliyə töhfə verir.

Azərbaycan və Çin hərbi əməkdaşlığı hər hansı üçüncü tərəfə və ya dövlətə qarşı yönəlməyib. Hər iki ölkənin rəsmi bəyanatlarında və qəbul edilən strateji sənədlərdə bu prinsiplər xüsusi olaraq vurğulanır. Bu əlaqələrin əsas məqsədi hücum deyil, müdafiə qabiliyyətinin artırılmasıdır. Azərbaycan öz ordusunu modernləşdirərkən ərazi bütövlüyünü və suverenliyini qorumağı hədəfləyir. Çin də eyni şəkildə, ölkələrin daxili işlərinə qarışmamaq və suverenliyə hörmət prinsiplərini xarici siyasətinin ana xətti hesab edir. Yəni Pekin və Bakı arasındakı hərbi dialoq regional sabitliyə xidmət edir. 

Nəticə olaraq, Azərbaycan-Çin hərbi əməkdaşlığı ordumuzun daha da modernləşməsinə xidmət etməklə yanaşı, ölkəmizin regiondakı strateji mövqeyini daha da artıracaq. 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

1Sources