“Hər bir xalq yetişdirdiyi şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Görkəmli elm adamları, ziyalılar, yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan maddi və mənəvi irs mənsub olduqları xalqın, dövlətin, eləcə də bəşəriyyətin sərvətidir. Bu baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Aprelin 15-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anım günüdür”.
Publika.az xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Zərifə Əziz qızı Əliyeva 1923-cü ilin 28 aprel tarixində dövrünün görkəmli ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində, Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib: "Onun valideynləri Əziz Əliyev və Leyla Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar. Ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdiyi soyqırımı siyasəti və təqiblər onları Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib.
Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Zərifə xanım həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparır. Bu xəstəliyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə aparırdı. Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. Sonrakı illərdə Zərifə xanım oftalmologiya elminin digər mühüm istiqamətləri üzrə tədqiqatlar həyata keçirdi. Onun qlaukoma xəstəliyi ilə bağlı tədqiqatları klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə müsbət təsir göstərib.
Oftalmologiya sahəsində tədqiqatları davam etdirən Zərifə xanım respublikada bununla bağlı az öyrənilən sahələrə daha çox diqqət yetirirdi. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva az tədqiq olunan, lakin kifayət qədər aktual bir problem olan görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. O, həmçinin insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin aradan qaldırılmasına xüsusi diqqət göstərib. Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib".