EN

Paytaxtda təhlükə: zirzəmiləri su basan binalar artır

Bakıda bir çox yaşayış binasının zirzəmilərinin çirkli sularla dolması sakinlərin narazılığına səbəb olur...

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında memar Nurlan Səfərov bildirib ki, problemin əsas səbəblərini tikinti və infrastruktur sahəsində buraxılan nöqsanlarla əlaqələlidir.

"Bəzi binalarda drenaj və kanalizasiya sistemləri ya düzgün qurulmur, ya da mövcud sistemlər artan yüklənməyə tab gətirmir. Xüsusilə güclü yağışlar zamanı köhnə kanalizasiya xətləri suyu ötürə bilmir və nəticədə çirkli sular geri vuraraq zirzəmilərə dolur. Bundan əlavə, tikinti zamanı hidroizolyasiya işlərinin keyfiyyətsiz aparılması və normativ tələblərə tam əməl olunmaması da problemin yaranmasına səbəb olur. Bəzi binalar yeraltı su səviyyəsi yüksək olan ərazilərdə tikilsə də, əlavə qoruyucu tədbirlər görülmür. Eyni zamanda, drenaj və kanalizasiya sistemlərinin vaxtında təmizlənməməsi vəziyyəti daha da ağırlaşdırır".

Memar bildirib ki, zirzəmilərin çirkli su ilə dolması binaların dayanıqlığına və sakinlərin sağlamlığına da ciddi təsir göstərir.

"Belə ki, uzun müddət rütubət beton və metal konstruksiyaların zədələnməsinə, binanın özül hissəsinin zəifləməsinə səbəb olur. Zirzəmilərdə yaranan kif və xoşagəlməz qoxu isə hava vasitəsilə mənzillərə yayılaraq allergiya, tənəffüs yolu problemləri və digər sağlamlıq risklərini artırır.Problemin aradan qaldırılması üçün tikinti mərhələsində standartlara ciddi əməl olunmalı, mövcud infrastruktura nəzarət gücləndirilməli və mütəmadi texniki baxış təmin edilməlidir", - deyə o qeyd edib.

Poliqon.info

Chosen
2
3
poliqon.info

4Sources