EN

Məktəb və bağçalarda sürətlə yayılan virus həyəcanı

“Məktəblərdə və bağçalarda çox yayılmış bir vəziyyət var: uşaqlar arasında qusma, qarın ağrısı və ishal kimi simptomlarla müşahidə olunan bir xəstəlik. “Norovirus” kimi qida ilə keçən infeksiyalar uşaqlarda bu əlamətləri ortaya çıxara bilər”.

Bunu “Yeni Sabah”a pediatr-infeksionist Aytən Ziyadova bildirib.

O qeyd edib ki, virusun sürətlə yayılmasının qarşısını almaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir:

“Norovirus” çox sürətlə yayılır və əsasən mədə-bağırsaq sistemini təsir edir. Bu virus, xüsusilə bağçalarda və məktəblərdə çox yayılır, çünki uşaqlar bir-birilə çox təmasda olur və gigiyena qaydalarına riayət etmirlər. Qusma və qarın ağrısı ilə bağlı əlamətlərə gəldikdə, bu vəziyyətdə uşaqların əllərini tez-tez yumağı, çirkli əşyaları təmizləməyi və bol maye qəbul etmələrini təmin etmək lazımdır. Həmin simptomlarla qarşılaşdıqda valideynlərin uşaqları təcrid etməsi və hər hansı bir təmasdan qaçınması çox önəmlidir”.

A.Ziyadova infeksiyanın müalicəsi üçün xüsusi dərmanların olmadığını da qeyd edib:

“Uşaqlara yüngül və asan həzm olunan qidalar verilməlidir. Məsələn, düyü, kartof püresi, toyuq şorbası. Bol su və elektrolit qəbul etmə də çox vacibdir, çünki dehidrasiyanın qarşısı alınmalıdır.

İnfeksiyaların müalicəsi üçün xüsusi bir dərman yoxdur, amma simptomları yüngülləşdirmək üçün bəzi dərmanlar istifadə edilə bilər. Əgər uşağın vəziyyəti pisləşirsə, dərhal həkimə müraciət etmək lazımdır”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
3
yenisabah.az

1Sources