EN

İndiki vəziyyətdə pulumuzu manat, yoxsa dollarla saxıamalıyıq? – Devalvasiya AÇIQLAMASI

Qlobal miqyasda böyük güclər arasında artan geosiyasi gərginlik enerji bazarlarından maliyyə axınlarına qədər bir çox sahədə qeyri-müəyyənliyi dərinləşdirir. Bu proseslər fonunda inkişaf etməkdə olan ölkələrin milli valyutalarının taleyi də diqqət mərkəzinə düşür. Belə bir şəraitdə Azərbaycanda da aktual sual yaranır: mövcud vəziyyətdə manatı dollara çevirmək daha məqsədəuyğundur, yoxsa əksinə?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, Azərbaycanın mövcud makroiqtisadi göstəriciləri milli valyutanın sabitliyini dəstəkləyən əsas amillər sırasındadır.

Evə

“Ölkənin ticarət saldosu əsasən neft gəlirləri hesabına müsbət olaraq qalır. Azərbaycan ümumilikdə idxalçı ölkə sayılsa da, milli valyutanın dayanıqlığının qorunması və yüksək inflyasiyanın qarşısının alınması məhz enerji gəlirləri hesabına mümkün olur. Əgər Azərbaycan qeyri-neft ölkəsi olsaydı, valyutanın sabitliyi daha zəif qala bilərdi, enerji qiymətləri isə 20-25 faizə qədər artardı.

Hazırda qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması, xüsusilə böyük enerji ixracatçısı olan ölkələr ətrafında baş verən proseslər dünya bazarında enerji qiymətlərinin yüksəlməsinə səbəb olub.

Bu isə Azərbaycan üçün əlavə valyuta axını deməkdir və manatın mövqeyini gücləndirən faktor kimi çıxış edir.

Hazırda manatın devalvasiyası ilə bağlı hər hansı real risk müşahidə olunmur”.

O, ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğunu vurğulayıb. Bunun milli valyutanın sabitliyini təmin edən əsas dayaqlardan biri olduğunu bildirib.

“Dövlət büdcəsi hazırlanarkən gəlir və xərclər proqnoz neft qiymətlərinə əsasən hesablanır. Növbəti ilin büdcəsində iqtisadi və sosial xərclərdə azalma deyil, əksinə artım nəzərdə tutulub. Əgər real maliyyə riski mövcud olsaydı, bu, ilk növbədə büdcə xərclərində özünü göstərərdi”.

Beləliklə, mövcud iqtisadi şəraitdə manatın sabitliyi qorunur və yaxın perspektivdə kəskin valyuta dəyişiklikləri ilə bağlı ciddi risklər gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
11
4
konkret.az

5Sources