EN

İsrailin gizli məğlubiyyəti: İslamabadda kim qalib gəldi?

İslamabadda ABŞ və İran arasında keçirilən diplomatik görüşlərin nəticələri və elan olunmuş yeni atəşkəs regional güc balansını yenidən gündəmə gətirib. Müzakirələrdə sülhün tam əldə edilməsi çətin olsa da, müəyyən istiqamətlər üzrə razılaşmaların əldə olunduğu bildirilir.

Bunu NOCOMENT.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, hazırkı proseslərdə ən diqqətçəkən məqam tərəflərin qazanc və itkiləridir: “Əsas məsələ Hörmüz boğazına nəzarət, İranın nüvə enerjisindən tam imtinası və ballistik raketlərin uçuş məsafəsi ilə bağlıdır. İki həftəlik atəşkəs elan olunub, lakin burada əsas məğlub olan tərəf məhz İsraildir. Həm İran, həm də ABŞ özünü qalib hesab edir. İran güzəştə getməməklə məğlub olmadığını elan etdi; bu, daxili auditoriya üçün hesablanmış bir addımdır və rejimin qələbə qazanması kimi təqdim olunur”.

Politoloqun sözlərinə görə, Vaşinqtonun hərbi uğur iddiaları strateji reallıqlarla üst-üstə düşməyə bilər: “ABŞ yalnız İranın hərbi donanmasına və infrastrukturuna vurduğu zərbələr, həmçinin bəzi liderlərin aradan götürülməsi ilə qələbə əldə etdiyini açıqlayıb. Lakin ABŞ prezidenti Donald Trampın Netanyahunun təhriki ilə Rusiya-Ukrayna müharibəsi bitməmiş bu hərbi əməliyyatlara başlaması Vaşinqtonun Çin qarşısında strateji zəifləməsinə gətirib çıxarır”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu qarşıdurmanın gedişatı İsrailin regiondakı planlarını alt-üst edib: “İsrail bu müharibənin əsas təşəbbüskarı olsa da, nəticə etibarilə öz təhlükəsizlik və strateji hədəflərinə tam nail ola bilməyib. Proseslərin bu cür inkişafı ABŞ-ın resurslarının parçalanmasına və regional nüfuzunun zədələnməsinə xidmət edir”.

Tunar,
NOCOMMENT.az

Chosen
14
nocomment.az

1Sources