EN

Hikmət Babaoğlu: 30 ildən çox münaqişə və müharibə vəziyyətində olmuş iki cəmiyyətin ictimai diplomatiyaya ehtiyacı var

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Cənubi Qafqazda sülh prosesində cəmiyyətlərin düşüncəsi və hökumətlərə olan etimadı mühüm rol oynayır. 2020-ci ildən sonra Ermənistanda düşmənçilik yanaşması zəifləməyə başlayıb, amma hər iki cəmiyyət üçün keçmişi tamamilə unutmaq asan deyil. Buna baxmayaraq, həm Azərbaycan, həm də Ermənistan cəmiyyətləri sülh şəraitində yaşamaq istəyir və bu istiqamətdə hökumətlərinə dəstək verir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyətləri arasında birbaşa təmasların qurulması qarşılıqlı etimadın formalaşmasına töhfə verir. Xüsusilə quru sərhədlərindən keçidlərin başlanması “xalq diplomatiyası”nın daha real və praktik mərhələyə keçdiyini göstərir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin paraflanması önümüzdəki aylarda onun real sülh sazişinə çevrilməsinə və bu sənədin imzalanmasına imkan yaradır: “30 ildən çox münaqişə və müharibə vəziyyətində olmuş iki cəmiyyətin ictimai diplomatiyaya ehtiyacı var. İmzalanması nəzərdə tutulan rəsmi sülh sənədinin ictimai müstəvidə təbliğinə ehtiyac var. “Sülh körpüsü” təşəbbüsü də buna xidmət edir, yəni ictimai zəmində rəsmi sülh müqaviləsini dəstəkləyir. Cəmiyyətin və ictimai rəyin formalaşdırılması zəruridir. Ona görə də mənə elə gəlir ki, bu təşəbbüs uğurla davam edir”.

Deputat hesab edir ki, ilk gündən bəri “Sülh körpüsü”nün iştirakçıları Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya olunmuş ərazidən keçərək gəlirlər. Yəni bu proses iki ölkə arasında hələlik hər iki tərəfin qəbul etdiyi qanuni hüquqi sərhəd kimi tanınan 13–14 kilometrlik ərazidə baş verir: “Bu, o deməkdir ki, artıq iki ölkə arasında rəsmi diplomatik əlaqələr olmasa belə, rəsmi tanınmış sərhəd var və "Sülh körpüsü"nün təbliğatçıları məhz bu qanuni sərhəddən birbaşa keçib gəlirlər. İkinci məsələ ondan ibarətdir ki, " "Sülh körpüsü"nün təşəbbüskarları üçüncü ölkələr üzərindən deyil, birbaşa sərhəddən keçib gəlir. Bunun özü cəmiyyətə verilən bir mesajdır”.

Hikmət Babaoğlu bildirib ki, bu, həm də xalq diplomatiyasının bir növü kimi qiymətləndirilməlidir, çünki hər hansı bir "demokratik cəmiyyətin əsas aparıcı qüvvələrindən biri fəal vətəndaşların birləşdiyi qeyri-hökumət təşkilatlarıdır və bu çərçivədə hər iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında yeni əlaqələr formalaşır".

Hikmət Babaoğlu qeyd edib ki, hazırkı vəziyyətdə bu, çox aktualdır: "Həm ictimai rəyin formalaşdırılması, həm də xüsusən Ermənistan-Azərbaycan münasibətləri kontekstində, Ermənistanda seçki ərəfəsində sülh tərəfdarlarının mövqeyinin genişlənməsi baxımından bu vacibdir. Nəticədə sülh hər iki cəmiyyətin çağırışına çevrilməlidir".

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
bizimyol.info

1Sources