EN

Ət alanların diqqətinə: Aldığınız at əti ola bilər

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız, ümumi çəkisi 227 kq ət aşkarlanıb.

Məlumata görə, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi olmadığı, həmçinin at əti olduğu müəyyən edilib.

At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz şəkildə kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Bakı şəhərinə aparılması planlaşdırıldığı bildirilib.

Yararsız ət saxlanmaya verilib, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.Bəs at əti satışının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, təəssüf ki, ölkədə bəzi ət növlərinin satışına dair tam qadağa yoxdur.

Onun sözlərinə görə, təşkilat dəfələrlə təklif edib ki, Azərbaycanda ənənəvi olmayan və istehlaka uyğun sayılmayan ətlərə qadağalar qoyulsun:

“Təklif edirəm ki, qanunvericilikdə hansı ətlər ənənəvi deyilsə, onlara qadağalar qoyulsun. Çünki mövcud boşluqlardan sui-istifadə olunur. 

Üstəlik, ölkədə xəstəlikdən ölmüş heyvan ətlərinin dövriyyəsi 30 ildən çoxdur ki, müşahidə olunur.

Bu halların qarşısının alınmasında vaxtilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ciddi işlər görüb. 

Onlar təkcə cərimə etməklə kifayətlənməyib, qanunvericiliyə uyğun daha ciddi tədbirlər görürdülər. Təəssüf ki, bu işlər ardıcıl aparılmır.

Ölmüş heyvan ətlərinin dövriyyəsi müəllimlərin, sahə müvəkkillərinin, kənd icra nümayəndələrinin və həkimlərin gözü qarşısında baş verir. 

İnsanlar bu hallara qarşı ictimai nəzarəti gücləndirməlidirlər. Təəssüf ki, belə hallar hələ də mövcuddur. At ətinin dövriyyədə olması da bu problemlərin nəticəsidir”.

Eyyub Hüseynov qeyd edib ki, at ətinin istifadəsi məqsədəuyğun deyil:

“Əgər belə ətlər kolbasa istehsalında istifadə olunursa, bu mütləq etiketdə göstərilməlidir. Lakin hazırda qanunvericilikdə bu məsələyə tam qadağa qoyulmayıb və Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə daha ciddi nəzarət həyata keçirməlidir”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

at əti Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
1
cebheinfo.az

2Sources