Modern.az saytına istinadən ain.az xəbər verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş müzakirə edilib.
Modern.az xəbər verir ki, sənəd iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Layihəyə əsasən, tərəflər hərbi təhsil, hərbi-texniki əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, eləcə də maddi-texniki təminat sahələrində birgə fəaliyyət göstərəcəklər. Eyni zamanda, qanunvericilik sahəsində təcrübə mübadiləsi, sosial, idman və mədəni tədbirlərin təşkili də əməkdaşlıq istiqamətləri sırasında yer alır.
Sazişdə əməkdaşlığın həyata keçirilməsi formaları da müəyyənləşdirilib. Bu çərçivədə rəsmi səfərlər və görüşlər, birgə təlimlər, kurslar, seminarlar və konfranslar, ekspert görüşləri və sərgilərdə iştirak nəzərdə tutulur.
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Müdafiə Nazirliyi çıxış edəcək.
Bununla yanaşı, sazişdə maliyyə məsələləri, məlumat mübadiləsi və mühafizəsi, intizam qaydaları, fövqəladə hallar zamanı əməkdaşlıq, mübahisələrin həlli və digər hüquqi mexanizmlər də öz əksini tapıb.
Müzakirələrdən sonra komitə üzvləri sənədlə bağlı rəy və təkliflərini səsləndiriblər. Sazişin ölkələr arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.