EN

İslamabad, yoxsa Cenevrə? – ABŞ-İran danışıqlarında ZAMAN dalana dirənir

ABŞ və İran arasında İslamabadda 2-ci görüşünün baş tutacağı barədə dünya mediasında xəbərlər durmadan tirajlanır. Doğrudur, alternativ platforma kimi Cenevrə variantı da istisna edilmir.

Amma əsas görüş məkanı kimi Pakistan üstünlüyünü saxlamaqdadır. Bir sözlə, gəlinən qənaət ondan ibarətdir ki, tərəflər hələ də diplomatik kanalları bağlamaq düşüncəsindən uzaqdır.

Bəs əvvəlki görüşün nəticəsiz qalması fonunda bu dəfə real irəliləyiş mümkün olacaqmı?

Danışıqlar baş tutarsa, şübhəsiz ki, əsas müzakirə mövzuları yenə də nüvə proqramı, regional təhlükəsizlik və xüsusilə Hörmüz boğazı ətrafında vəziyyət olacaq. Digər mühüm məqam isə vaxt faktorudur. ABŞ-İran arasında əldə edilən atəşkəs rejiminin bitməsinə cəmi 8 gün qalır. Belə bir şəraitdə diplomatik prosesin sürətlənməsi zərurəti daha da artır.

Bu qısa müddətdə tərəflər kompromisə yaxınlaşa biləcəkmi? Əgər razılaşma əldə olunmazsa, regionu hansı ssenarilər gözləyir?

media-zuriye

Politoloq Züriyə Qarayeva Musavat.com-a razılaşdırıla biləcək ən real ssenarini açıqladı:

“Mövcud dinamika göstərir ki, tərəflər diplomatik kanalları açıq saxlasa da, real irəliləyişin əldə olunması əvvəlki mərhələlərlə müqayisədə yenə də çətin görünür. Çünki ABŞ və İran arasında əsas problem təkcə texniki məsələlər deyil, strateji etimad böhranıdır. Nüvə proqramı, regional təsir dairəsi və Hörmüz boğazının təhlükəsizliyi kimi mövzular hər iki tərəf üçün “qırmızı xətt” xarakteri daşıyır.

Bu səbəbdən İslamabad və ya Cenevrə kimi platformaların dəyişməsi məzmunu avtomatik olaraq dəyişmir. Ən real ssenari qısa müddətli, məhdud razılaşma ola bilər. Məsələn, gərginliyin azaldılması üçün qarşılıqlı jestlər və ya atəşkəs rejiminin uzadılması kimi taktiki addımlar mümkündür. Lakin genişmiqyaslı və davamlı razılaşma üçün tərəflərin mövqelərində ciddi yumşalma tələb olunur ki, bu da hazırkı mərhələdə zəif ehtimaldır.

Vaxt faktorunun təzyiqi isə prosesi daha da mürəkkəbləşdirir. Atəşkəsin bitməsinə az qalması tərəfləri sürətli qərar verməyə məcbur etsə də, bu, eyni zamanda kompromis üçün lazım olan siyasi manevr imkanlarını daraldır. Əgər yaxın günlərdə konkret nəticə əldə olunmazsa, regionda gərginliyin yenidən eskalasiyası ehtimalı artır. Bu halda iki əsas ssenari önə çıxır: ya məhdud hərbi toqquşmaların bərpası və enerji marşrutları üzərində risklərin artması, ya da tərəflərin nəzarətli gərginlik modelinə keçərək açıq müharibədən yayınması. Hər iki halda Yaxın Şərqdə qeyri-sabitlik davam edəcək və bu, qlobal enerji bazarları ilə yanaşı, region ölkələrinin təhlükəsizlik strategiyalarına da birbaşa təsir göstərəcək”.

Cavanşir ABBASLI,
Musavat.com

Chosen
25
50
musavat.com

10Sources