EN

Nazir: Azərbaycan və Türkiyə sosial siyasət sahəsində əməkdaşlığı genişləndirir - EKSKLÜZİV

Bakı, 14 aprel, AZƏRTAC

Biz dost və qardaş Azərbaycanla hər sahədə əməkdaşlığımızı daha da gücləndiririk. Müdafiə sənayesindən sosial siyasətlərə qədər geniş bir sahədə fəaliyyətlərimizi davam etdiririk.

Bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

O xatırladıb ki, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin iclası Türkiyədə keçirilib. Ötən il isə bu konfransa Azərbaycan ev sahibliyi edib. “Yəni əməkdaşlığımız yalnız iki ölkə arasında deyil, eyni zamanda, bölgədəki digər ölkələrə və Türk Dövlətləri Təşkilatına da ilham verən çox dəyərli işlərlə müşayiət olunur. Biz qadınlar, qız uşaqları və ailə institutu ilə bağlı mühüm fəaliyyətlər həyata keçiririk. Bu çərçivədə yalnız mövcud mexanizmlərlə kifayətlənməyərək, Türk Dövlətləri Təşkilatı daxilində Sosial Siyasətlər bölməsinin yaradılmasında da Türkiyənin və Azərbaycanın ortaq, zəngin təcrübəsi mühüm rol oynayıb. Əlbəttə, burada təşkilata üzv digər ölkələrin töhfələri də son dərəcə dəyərlidir. Lakin mən xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanla hər platformada olduğu kimi, birlikdə hərəkət etməkdən çox məmnunluq duyuruq”, - deyə nazir vurğulayıb.

Mahinur Özdemir Göktaş Azərbaycanın son illərdə qadın hüquqları, ailə siyasəti, ümumilikdə sosial inkişaf sahəsində çox mühüm və dəyərli addımlar atdığına diqqət çəkib: “Bu inkişaf yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da öz əksini tapır və Azərbaycanın səsi daha aydın şəkildə eşidilir. Biz də dost və qardaş Azərbaycanın bu uğurlarından böyük qürur duyuruq. Onların nailiyyətləri bizi də qürurlandırır. Azərbaycanın hər bir prosesində olduğu kimi, bundan sonra da onun yanında olmağa davam edəcəyik”.

Müxbir - Aytac Haqverdiyeva
Fotoqraf - Azər İbrahimov
Operator - İlham Nadirov
Chosen
31
2
azertag.az

3Sources