EN

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əməkdaşlıq genişlənir

Azərbaycanda səfərdə olan Yusuf Kuzunun rəhbərlik etdiyi Yargıtay nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirib.

Musavat.com xəbər verir ki, qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də səmərəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

O qeyd edib ki, iki qardaş ölkə arasında hüquqi sahədə əlaqələr davamlı şəkildə inkişaf edir.

Görüş zamanı bildirilib ki, Azərbaycan və Türkiyənin ali məhkəmələri arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Bu sənəd əsasında hər iki ölkənin hakimlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunur, məhkəmə təcrübəsi üzrə fikir mübadiləsi aparılır.

Tərəflər məhkəmə fəaliyyəti sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb, hər iki ölkənin hüquq sistemində tətbiq olunan mütərəqqi mexanizmlərin öyrənilməsinin vacibliyini qeyd ediblər. Səmimi qəbula görə təşəkkürünü bildirən Yusuf Kuzu ikitərəfli əlaqələri yüksək qiymətləndirib. O, səfərin əsas məqsədinin məhkəmə fəaliyyətində təcrübə mübadiləsi aparmaq, mövcud təcrübələri öyrənmək və əməkdaşlığı daha da genişləndirmək olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin məhkəmə təcrübəsi, cinayət mühakimə icraatının müxtəlif aspektləri və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyə Ali Məhkəməsinin nümayəndə heyətinin 13–19 aprel 2026-cı il tarixlərini əhatə edən səfəri çərçivəsində Azərbaycanda bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur.

Musavat.com

Chosen
1
7
musavat.com

10Sources