EN

Yeni qlobal savaşın gizli kodu, Yaxın Şərq üçün dəhşətli ssenari: ABŞ Çini “diz çökdürmək” üçün niyə bütün dünyanı dağıdır

Yaxın Şərqdəki hərbi böhran da daxil olmaqla, hazırda dünyada cərəyan edən əksər geopolitik, geostrateji və geoiqtisadi proseslərin arxasında məhz ABŞ-Çin qarşıdurmasının birbaşa təsirləri mövcuddur... Bu baxımdan, məhz Tramp administrasiyasının Çinə qarşı başlatdığı bu səhnəarxası genişmiqyaslı qlobal savaşın yeni dünya düzəninin əsas konturlarını müəyyən edə biləcəyi qətiyyən istisna deyil...

Yaxın Şərq müasir dünyanın gələcək taleyinin hansı istiqamətə yönələcəyini böyük ölçüdə təyin edə biləcək əsas “düyün nöqtəsi”nə çevrilmiş kimi görünür. Bu hərbi böhranın nizamlanması istiqamətində müəyyən addımlar atılır. Ancaq Pakistanın vasitəçiliyi ilə açılmış “sülh masası” da artıq böhranlı durumdadır. ABŞ və İran təmsilçiləri arasında keçirilmiş 21 saatlıq görüş nəticəsiz sona çatıb. Növbəti görüşün vaxtı və nəticəsi də əslində, elə qeyri-müəyyən xarakter daşıyır. Və ona görə də, hazırda “sülh prosesi”ndən daha çox İran tərəfindən qapadılmış Hörmüz boğazına ABŞ-ın ikinci blokada səddi çəkməsi, eləcə də, Ağ Evin Yaxın Şərqə yenidən hərbi kontingent cəmləşdirməsi diqqəti çəkir.

Çünki bütün bunlar onu göstərir ki, “sülh masası” formal olaraq, hələlik aktual qalsa da, ABŞ və İran arasında yaxın vaxtlarda prinsipial anlaşma ehtimalı o qədər də inandırıcı xarakter daşımır. Əksinə, indi Yaxın Çərq savaşıın yenidən bərpa oluna və yaxid da “dondurulmuş münaqişə” formatına keçirilə biləcəyi daha real görünür. Yəni, istənilən halda, Yaxın Şərqdə kəskin hərbi böhranın bundan sonra hələ uzun müddət davam etmə ehtimalı qətiyyən istisna deyil. Və bu baxımdan, bəzi Qərb dövlətlərinin artıq qlobal xaosa yol aça biləcək genişmiqyaslı hərbi qarşıdurma variantına hazırlaşmağa başlaması da qətiyyən təəccüblü deyil.

 

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq böhranının belə qəliz və müəmmalı istiqamətlər alma ehtimallarının kifayət qədər ciddi geopolitik səbəbləri mövcuddur. Üstəlik, bu səbəblərin böyük əksəriyyət məhz Yaxın Şərq coğrafiyasından kənarda cərəyan edən hərbi-siyasi proseslərdən qaynaqlanır. Hətta Yaxın Şərq savaşının baş vermə və indiki qeyri-müəyyən situasiyanın əsas səbəbi bu regiondan kənardadır. Yəni, bu regionda və ümumiyyətlə, bütün dünyada baş verənlər məhz genişmiqyaslı qlobal qarşıdurmanın nəticəsi kimi ortaya çıxmaqdadır.

Məsələ ondadır ki, hazırda ABŞ və Çin arasında amansız, güzəştsiz bir qlobal miqyaslı savaş mövcuddur. Həm də, bu qlobal savaşın başlanmasının səbəbkarı Çin deyil, məhz ABŞ hesab oluna bilər. Çünki Tramp administrasiyası hakimiyyətə gəldikdən dərhal sonra Çinə qarşı “proxy war” modelində savaş açmış oldu. Yəni, Ağ Ev Çinin geopolitik, geostrateji və geoiqtisadi maraqları olan bütün istiqamətlər üzrə hücuma başladıldı. Və kütləvi qırğın silahlarının yayılmaması barədə beynəlxalq saziş hüquqi qüvvədən düşdükdən sonra ABŞ-Rusiya cütlüyü ilə “nüvə masası”na oturmaqdan qəti şəkildə imtina edən Çin indi bütün bunlara daha sərt reaksiya verməyə, müqavimət göstərməyə başlayıb.

Maraqlıdır ki, Tramp administrasiyası əvvəlcə dünyadakı Çin üçün strateji əhəmiyyət daşıyan boğaları nəzarətə götürmək üçün hərəkətə keçdi. Ağ Ev bununla rəsmi Pekin üçün iqtisadi-ticari problemlər yaratmağa çalışırdı. Buna paralel olaraq, yaxın gələcəkdə qlobal hegemonluq savaşında həlledici faktora çevrilə biləcək Arktika uğrunda mübarizəyə start verildi. Prezident Donald Trampın Danimarkaya məxsus Qrenlandiyanı ələ keçirtmək niyyəti də məhz bu mübarizədən qaynaqlanırdı. Və ABŞ Çinin böyük maraq göstərdiyi şimal marşrutlarına tam nəzarət planına malik olduğunu qətiyyən gizlətmir.

 

Tramp administrasiyasının Ukrayna böhranı ilə bağlı mövqeyi də ABŞ-Çin qarşıdurmasından qaynaqlanır. Belə ki, Ağ Ev Kremllə nəyin bahasına olursa-olsun, Rusiya ilə anlaşmağa can atır. Bu məqsədinə çatmaq üçün Ukrayna ərazilərinin Rusiyaya “hədiyyə” olunmasına belə, hazırdır. Tramp administrasiyası burada əsasən iki önəmli məqsəd – Kremli Ukrayna əraziləri hesabına şirnikləndirərək, Çindən uzaqlaşdıraraq, ABŞ-a yaxınlaşdırmaq və Avropa ölkələrinə qarşı da Ağ Evin yeni, həm də daha təsirli təzyiq mexanizmlərini yaratmaq – güdürdü. Və bu məqsədlərinə hələlik müəyyən mənada, nail olmaq üzrədir.

Digər tərəfdən, Tramp administrasiyası Avropa Birliyini də birbaşa ABŞ-ın hədəfləri sırasına daxil etmiş kimi görünür. Çünki Avropa Birliyi də Çinin əsas iqtisadi-ticari tərəfdaşları sırasına daxildir. Ona görə də, Ağ Ev Avropa Birliyini Rusiya qarşısında müdafiəsiz buraxaraq, təhlükəsizlik sahəsi üzrə ABŞ-dan daha çox asılı vəziyyətə salmağa çalışır. Üstəlik, Ağ Evin NATO-ya yönəlik sərt mövqeyi, bu qurumu sıradan çıxartmaq təhdidləri də ilk növbədə Avropa Birliyinə xəbərdarlıq mesajıdır. Eyni zamanda, Avropa ölkələrinə qarşı “rüsum şantajı” ABŞ-ın “qoca qitə” üzərində iqtisadi-ticari hegemoniyasını təmin etmək məqsədi daşıyır. Və böyük ehtimalla yaxın gələcəkdə Avropa ölkələrinin dəfələrlə artırılmış müdafiə xərcləri, eləcə də, iqtisadi-ticari fəaliyyətə bağlı maliyyə vəsaitləri məhz ABŞ-a yönəlmiş olacaq.

Belə anlaşılır ki, Ağ Ev Rusiya ilə yanaşı, Avropa Birliyini də Çin ilə iqtisadi-ticari münasibətlərdən uzaqlaşdırıb, ABŞ iqtisadiyyatına “xidmət məcburiyyəti”ndə buraxmaq niyyəti güdür. Bütün bunlar və Ağ Evin rəsmi Pekinə qarşı atdığı addımlar birmənalı şəkildə Çini iqtisadi cəhətdən zəiflətmək məqsədinə hesablanıb. Məhz bu hədəf reallaşarsa, onda, Çin hərbi-siyasi cəhətdən də zəifləyərək, ABŞ-ın geopolitik iradəsi qarşısında həssas davranmaq məcburiyyətində qala bilər. Və bu halda, rəsmi Pekinin Ağ Evlə yalnız hərbi-siyasi deyil, həm də iqtisadi-ticari sahədə də rəqabət aparması qeyri-mümkün olardı.

 

Bütün bunlara paralel olaraq, Tramp administrasiyası Çin iqtisadiyyatını enerji resurslarından da məhrum buraxmaq üçün radikal addımlar atır. Belə ki, neft ixracının əsas hissəsini məhz Çinə yönəldən Venesuelada Ağ Evin “sözünə baxmayan” prezident Nikolas Maduro ABŞ hərbçiləri tərəfindən oğurlandı. İndi Venesuela neft sənayesinə məhz ABŞ nəzarət edir və Çinə ixrac bloklanıb. Və bu, Çin üçün olduqca ciddi enerji qaynağının itirilməsi anlamını daşıyır.

Nəhayət, Tramp administrasiyası hazırda Çini daha bir önəmli enerji qaynağından məhrum etməyə çalışır. Yəni, Yaxın Şərqdə başladılmış savaşda əsas hədəf məhz Çini İran neftindən məhrum etmək məqsədi daşıyır. Əgər, buna da nail olunarsa, Çinin əsas böyük enerji qaynaqları ABŞ-ın nəzarətinə keçmiş olacaq. Halbuki, rəsmi Pekin Yaxın Şərqdə ciddi müqavimət göstərir və ABŞ-ın “savaş bataqlığı”na düşməsinə nail olub. Çinin savaşdan öncə və hərbi əməliyyatlar dövründə İrana genişmiqyasılı hərbi yardım göstərdiyi bildirilir. Və hazırda ABŞ-ın savaş meydanında ağır vəziyyətə düşməsinin əsas səbəbi də məhz Çinin səhnəarxası müdaxiləsi ilə izah olunur.

Göründüyü kimi, hazırda dünyada baş verən əksər geopolitik, geostrateji və geoiqtisadi proseslərin arxasında məhz ABŞ-Çin qarşıdurmasının birbaşa təsirləri mövcuddur. Bu baxımdan, Yaxın Şərqdəki hərbi böhran da əslində, ABŞ və Çin arasındakı səhnəarxası savaşın təzahürləri sırasına daxildir. Ona görə də, Yaxın Şərq böhranının yenidən dərinləşə və hələ uzun müddət davam edə biləcəyi qətiyyən istisna deyil. Və məhz Tramp administrasiyasının Çinə qarşı başlatdığı bu səhnəarxası genişmiqyaslı qlobal savaş yeni dünya düzəninin əsas konturlarını müəyyən edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Chosen
20
50
musavat.com

10Sources