EN

Sürücü çatışmazlığını aradan qaldırmaq üçün TƏKLİF: “Təhsil və nəqliyyat şirkətləri arasında əməkdaşlıq vacibdir”

Milli Məclisin ayın 10-u keçirilən plenar iclasında deputat Zahid Oruc sürücü çatışmazlığının dünyada böyük problem olması məsələsinə toxunub. Millət vəkili qeyd edib ki, biz beynəlxalq sertifikatlı sürücülər hazırlamalı, logistika təhsilini genişləndirməliyik.

Bəs belə sürücüləri necə hazırlamaq olar?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, beynəlxalq sertifikatlı sürücülərin hazırlanması mövcud sürücülük kursları ilə mümkün deyil.

Müsahibimizin sözlərinə görə, bu, fərqli yanaşma tələb edən bir peşədir və hazırlıq prosesi sistemli şəkildə qurulmalıdır:

"Məsələn, ilk növbədə təlim proqramları yenidən təşkil olunmalıdır. Bu gün beynəlxalq daşımalarla məşğul olan sürücü yalnız sükan arxasında oturan şəxs deyil, o, həm də yükün təhlükəsizliyinə cavabdeh olan, sənədlərlə işləməyi bacaran, müxtəlif ölkələrin müəyyən qayda-qanunlarını bilən, ona uyğun fəaliyyət göstərən bir şəxsdir. Bu baxımdan proqramlar əsasən bir neçə istiqamətdə qurulmalıdır: praktik sürücülük bacarığı, beynəlxalq normativ baza və rəqəmsal texnologiyalarla işləmə – bunlar olmalıdır. Praktik hazırlıqda əsas diqqət ağırtonnajlı nəqliyyat vasitələrinin idarə olunmasına, ekstremal şəraitdə sürücülük bacarıqlarına verilməlidir".

Ekspert vurğuladı ki, millət vəkilinin fikri əsasında məsələyə baxsaq, logistika təhsili genişləndirilməlidir:

"Burada məqsəd ancaq sürücü hazırlamaq deyil, əsas olan bazarın bütün zəncirini əhatə edən peşəkar kadr yetişdirməkdir. Peşə məktəblərində, kolleclərdə logistika ixtisaslarının daha dərindən tətbiqi nəzərdən keçirilə bilər. Təhsil müəssisələri ilə nəqliyyat şirkətləri arasında əməkdaşlıq mexanizmləri yaradılmalıdır ki, məzun bazarın real tələblərinə uyğun formalaşsın. Konkret standartlaşdırılmış təhsil, praktik yönümlü təlim və beynəlxalq sertifikasiya, bazara inteqrasiya - bunlar zəncirvari formada həyata keçirilməldir".

Aytəkin TOFİQQIZI

Chosen
17
1
redaktor.az

2Sources