Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Dillər Universitetində görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə professor Nurəddin Kazımovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla vurğulayıb ki, professor Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır. Konfrans çərçivəsində müzakirə olunacaq mövzular – dilçilik, təhsil və pedaqogikanın aktual problemləri – müasir dövrün çağırışları ilə səsləşir və bu sahələrdə yeni yanaşmaların formalaşdırılmasına töhfə verəcək.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın işini yüksək qiymətləndirərək bildirib ki, bu cür elmi platformalar müasir elmin aktual problemlərinin müzakirəsi və yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Dil, təhsil və pedaqogika sahələri bir-biri ilə sıx bağlı olub, cəmiyyətin intellektual inkişafında əsas rol oynayır. Akademik İsa Həbibbəyli alimin pedaqoji fəaliyyətinin xüsusilə gənc nəslin formalaşmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, AMEA bu kimi elmi tədbirlərin keçirilməsinə daim dəstək verir və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.
Tədbirdə Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbəri professor Atıf Akgünün videomüraciəti dinlənilib. Professor çıxışında görkəmli alim Nurəddin Kazımovun elmi irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün dəyərli olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə yubiley tədbirləri alimlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına və gənc tədqiqatçılar üçün örnək olmasına imkan yaradır. O, həmçinin Ege Universiteti ilə Azərbaycanın elmi müəssisələri arasında əlaqələrin inkişafının vacibliyini qeyd edərək, gələcəkdə birgə layihələrin və elmi proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq konfransda çıxış edən digər alimlər vurğulayıblar ki, professor Nurəddin Kazımovun elmi fəaliyyəti Azərbaycan pedaqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edir və onun əsərləri bu gün də ali və orta ixtisas təhsili müəssisələrində geniş şəkildə istifadə olunur.
Çıxış edənlər alimin pedaqogika sahəsində irəli sürdüyü ideyaların müasir təhsil sistemində aktuallığını qoruduğunu xüsusi vurğulayıblar.
Professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə ADU rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, professor Nurəddin Kazımov ömrünü elmə və təhsilin inkişafına həsr edib, yetişdirdiyi tələbələr və yazdığı əsərlərlə Azərbaycan pedaqoji fikrində silinməz iz qoyub.
Daha sonra bədii hissə təqdim olunub.
Konfransın işi bölmə iclasları ilə davam edib.








Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.