EN

Azərbaycan millilərinin heyəti müəyyənləşdi

Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında məsul yarışda iştirak edəcək milli komandalarımızla görüş keçirilib.

AGF rəhbərliyinin iştirak etdiyi tədbirdə bütün yarış iştirakçılarına uğurlar arzulanıb. AGF-nin baş katibi Pərvin Piriyev, vitse-prezidentlər Namiq Abdullayev və Fərid Mansurov, eləcə də sərbəst güləş üzrə koordinator Hacı Əliyev çıxış edərək millinin hər bir üzvünə inandıqlarını, görüşün nəticəsindən asılı olmayaraq son nəfəsədək mübarizə aparmağın vacibliyini dilə gətiriblər.

Daha sonra qitə birinciliyində iştirak edəcək heyət açıqlanıb. Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizə aparacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcək.

Daha sonra qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcək.

Chosen
26
8
publika.az

10Sources