EN

Danışıqlar dalana dirənib:

ABŞ-İsrail-İran müharibəsi regionun ümumi sabitliyinə ciddi təsir göstərib. Xüsusilə enerji təhlükəsizliyi və ticarət marşrutlarında qeyri-müəyyənlik yaranıb. Metbuat.az xəbər verir ki, hər üç ölkə itkilərlə bağlı fərqli rəqəmlər açıqlasa da, müstəqil mənbələr vəziyyətin kifayət qədər ağır olduğunu vurğulayır. Bu proses beynəlxalq bazarlara da təsir edir və xüsusilə neft qiymətlərində dalğalanmalar müşahidə olunur. Eyni zamanda sərhəd bölgələrində hərbi gərginlik yüksək səviyyədə qalır, müdafiə sistemləri gücləndirilir və yeni eskalasiya ehtimalı gündəmdə saxlanılır. Qeyd edək ki, beynəlxalq vasitəçilərin səyləri ilə aprelin 8-də tərəflər arasında atəşkəsə nail olunub. Bu qərar əsasən daha geniş regional müharibənin qarşısını almaq, enerji bazarlarında ciddi fəsadların baş verməsini önləmək və tərəflərin birbaşa toqquşmaya keçməsini əngəlləmək zərurətindən irəli gəlib. Həmçinin humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi də əsas götürülüb. Lakin danışıqların nəticə verməməsi gələcəklə bağlı ciddi təşviş doğurur. Bu isə əsasən qarşılıqlı etimadsızlıq, nüvə proqramı ətrafındakı fikir ayrılıqları və sanksiya siyasəti ilə izah olunur. Tərəflər kompromisə gəlməkdə çətinlik çəkir və hər biri öz təhlükəsizlik maraqlarını ön plana çıxarır. Diplomatik təmaslar formal xarakter daşıyır və real irəliləyişə nail olmaq müşkülə çevrilir. Xarici media orqanları isə tərəflərin vaxt qazanmağa çalışdığı ehtimalını irəli sürür. Bu yanaşmaya görə, atəşkəs tam sülh deyil, sadəcə strateji fasilədir. Analitiklər də hesab edir ki, bu dövr hərbi və diplomatik hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər və hər iki tərəf yaranmış fasilədən istifadə edib öz mövqelərini gücləndirməyə çalışır. Beynəlxalq ekspertlərin bir qismi yeni eskalasiya riskinin davam etdiyini bildirir. Əgər diplomatik kanallar tam nəticə verməzsə, regionda gərginliyin yenidən hərbi qarşıdurmaya çevrilməsi ehtimalı istisna edilmir. Bununla belə, bəzi analitiklər uzunmüddətli danışıqların hələ də mümkünsüz olmadığını və diplomatiyanın son şans kimi qalacağını vurğulayır. Hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini isə zaman göstərəcək. Zaman isə tərəqqipərvər bəşəriyyətin əleyhinə işləyir…

Nazim Hüseynzadə / Metbuat.az

Chosen
23
metbuat.az

1Sources