EN

ABŞ İran neftinin satışına icazə müddətini uzatmayacaq

ABŞ aprelin 19-dan sonra İran neftinin satışı üçün qüvvədə olan icazə müddətini uzatmayacaq.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

"Artıq dənizdə olan İran neftinin satışına müvəqqəti icazə bir neçə gündən sonra fəaliyyətini dayandırır və müddət uzadılmayacaq", - "X" sosial şəbəkəsində paylaşılan mətndə deyilir.

Mart ayında tətbiq olunan bu istisnanın ləğvi Amerika silahlı qüvvələri tərəfindən Hörmüz boğazında İran limanlarının blokadası fonunda baş verəcək.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi İran tərəfini dəstəkləyən bank qurumlarına xəbərdarlıq edib. "Maliyyə qurumları nəzərə almalıdırlar ki, nazirlik mövcud vasitələr, səlahiyyətlərin tam arsenalını işə salır və İranın fəaliyyətinə töhfə verməyə davam edən xarici maliyyə təşkilatlarına ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırdır", - bəyanatda vurğulanır.

Xatırladaq ki, neft satışına icazə martın 21-də ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Körfəz ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəldilər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Daha əvvəl Prezident Donald Tramp bildirib ki, ABŞ aprelin 13-də şərq yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) Hörmüz boğazında İran limanlarının bloklanmasına başlayıb.

Chosen
20
50
far.az

10Sources