EN

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

O, vaxtında açılmasa, qlobal ərzaq böhranı da yarana bilər

Bu gün dünya Amerika-İran müharibəsinin ədalətli olub-olmamasından, savaşın böyük dağıntılar törətməsindən, günahsız insanların ölümündən daha çox onun nəticəsi olan Hörmüz boğazının açılıb-açılmamasından danışır. Çünki indi  Yaxın Şərqin və uzaq Qərbin dərdi Hörmüz boğazından neft daşıyan tankerlərin taleyi ilə bağlıdır.

Dünya Hörmüz boğazında düyünə düşüb, indi bu "Qordi düyünü"nü açmaq üçün ciddi müzakirələr gedir. Artıq hamıya məlumdur ki, ABŞ-nin bütün hədələrinə baxmayaraq, İran tutduğu mövqedən çəkilənə oxşamır, dirəniş göstərir. Hətta o dərəcədə ki, Amerika NATO-ya boğazı açmaq üçün koalisiya yaratmağı təklif edib. İlk etiraz Böyük Britaniyadan gəlib. Başqa Avropa ölkələri isə susmağa üstünlük verib. Görünən odur ki, alyans ölkələri bu koalisiyaya ən azından ehtiyatla yanaşırlar.

Əvəzində ABŞ bildirir ki, Hörmüz boğazından haqq ödəyib keçən gəmiləri açıq okeanda saxlayacaq. Bir çox ekspert bunun mümkünsüz olacağını bildirir. Belə ki, Hörmüz boğazı üzərindən keçən İran neftinin ən böyük alıcıları Çin, Hindistan, Yaponiyadır və ABŞ həmin ölkələrlə münasibətləri gərginləşdirmək istəməz.

İranın boğazdan keçən gəmilərin hər birindən 2 milyon dollar tələb etməsi təbii ki, dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyəcək. O səbəbdən dünyada ABŞ-yə qarşı ciddi bir etiraz var. Xüsusən Avropa ölkələrinin bundan daha çox əziyyət çəkəcəyi bildirilir. Belə olan halda "qoca qitə" ya bu bahalıqla razılaşmalıdır, ya da yenidən yanacaq sarıdan Rusiyadan asılı vəziyyətə düşməlidir. Bu işin ən maraqlı tərəfi İranın boğazdan keçən gəmilərə tətbiq etdiyi 2 milyonluq ödənci yuanla tələb etməsidir. Bu isə onsuz da son dövrlər dollara olan inamsızlığın daha da güclənməsi və nəticədə ABŞ-nin "dollar ağalığı"na ciddi zərbə deməkdir.

Məlumdur ki, boğazdan keçən gəmilərə nəzarəti möhkəmləndirmək üçün İran Hörmüz boğazını minalayıb. Onsuz da dar olan boğazın bir hissəsinin minalanması gəmiçilik üçün daha ciddi risklər yaradıb. Digər tərəfdən, Amerika ilə İran tərəfindən verilən bəyanatlar birjalarda nefti bahalaşdırmaqda davam edir. Məsələn, Donald Trampın Hörmüz boğazını blokadada saxlamaq, İran parlamentinin sədri Məhəmmədbaqer Qalibatın ABŞ və Avropa şirkətlərini benzinin qiymətinin bahalaşması barədə hədələri dünya bazarında neftin qiymətinin daha da yüksəlməsi ilə nəticələnib.

Bir çox mütəxəssisin hesablamalarına görə, Hörmüz boğazı ilə bağlı indiki vəziyyət dünya iqtisadiyyatında artımın aşağı düşməsinə səbəb olub. Bildirirlər ki, proses 6 ay davam edərsə, nəticələri daha pis olacaq. Bu, qlobal iqtisadiyyatın 2,9 faiz azalması, inflyasiyanın yüksəlməsi, beynəlxalq təchizat və ticarət zəncirinin qırılması, kütləvi işsizlik və sosial gərginliyin artması ilə müşayiət edilə bilər.

Məsələnin tezliklə həll edilməsinə olan inam isə azalıb, xüsusən də İslamabad danışıqlarından sonra Donald Trampın "Əlimiz tətikdədir",  Məhəmmədbaqer Qalibatın isə "Savaş istəsələr, savaşacağıq" bəyanatları sülh tərəfdarlarını ümidsizliyə salıb. İran ABŞ-nin üç əsas tələbini  - nüvə tədqiqatlarından əl çəkməsini, raketlərin vurma hədəfinin 500 kilometrə qədər azaldılmasını və prokis qüvvələrini dəstəkləməməsini rədd edib. Üstəlik, danışıqlar ərəfəsində boğazdan keçən gəmilərin haqq ödəməsi məsələsini də gündəmə gətirib. Odur ki, İslamabad görüşündən sonra Beynəlxalq Enerji Agentliyi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupu rəhbərlərinin narahatlıqlarını bildirmələri təbiidir. Təbii olan həm də Yaxın Şərqdəki müharibənin enerji və iqtisadi təsirlərinə qarşı institutlarının reaksiyasını maksimum səviyyədə gücləndirmək üçün aprelin əvvəlində yaradılan koordinasiya qrupu çərçivəsində onların görüş keçirmələridir. Görüşdən sonra qrup tərəfindən birgə yayılan bəyanatda deyilir: "Bu ayın əvvəlində qeyd etdiyimiz kimi, müharibənin təsirləri əhəmiyyətli, qlobal və yüksək dərəcədə qeyri-bərabərdir, xüsusilə enerji idxalçısı olan ölkələrə, o cümlədən aşağı gəlirli dövlətlərə qeyri-mütənasib təsir göstərir. Bu şok neft, qaz və gübrə qiymətlərinin artmasına səbəb olub, həmçinin ərzaq təhlükəsizliyi və iş yerlərinin itirilməsi ilə bağlı narahatlıqları gücləndirib. Yaxın Şərqdə bəzi neft və qaz istehsalçıları da ixrac gəlirlərində kəskin azalma ilə üzləşiblər". Sənəddə həmçinin bildirilir ki, vəziyyət hələ də yüksək qeyri-müəyyən olaraq qalır və Hörmüz boğazından gəmiçilik hələ tam normallaşmayıb: "Hətta boğazdan müntəzəm gəmiçilik axınları bərpa olunduqdan sonra belə, əsas xammal və məhsullar üzrə qlobal təchizatın münaqişədən əvvəlki səviyyələrə qayıtması zaman alacaq və infrastrukturun zədələnməsi səbəbindən yanacaq və gübrə qiymətləri uzun müddət yüksək qala bilər. Təchizat zəncirindəki pozuntular nəticəsində əsas resursların çatışmazlığı enerji, ərzaq və digər sahələrə təsir göstərə bilər. Müharibə həmçinin insanların məcburi köçürülməsinə səbəb olub, məşğulluğa təsir edib və səfər və turizm həcmini azaldıb ki, bunların bərpası vaxt tələb edə bilər. Biz vəziyyəti yaxından izləməyə, müharibənin enerji bazarlarına, qlobal iqtisadiyyata və ayrı-ayrı ölkələrə təsirini qiymətləndirməyə davam edəcəyik. Eyni zamanda üzv ölkələrə dəstəyimizi və fəaliyyətlərimizi koordinasiya edəcəyik. Zərurət olduqda digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək və onların təcrübəsindən istifadə edərək sabitlik, iqtisadi artım və məşğulluq təmin edən dayanıqlı bərpanın əsaslarını formalaşdıracağıq".

Bu bəyanat bir daha göstərir ki, Hörmüz boğazı ətrafında baş verən neqativ proseslər təkcə enerji sektoruna ziyan vurmur, eyni zamanda dünya iqtisadiyyatına və insanların sosial həyatına mənfi təsir göstərir.

Rüstəm KAMAL,

"Azərbaycan"

Chosen
17
50
azerbaijan-news.az

10Sources