Bakı ətrafında seysmik aktivliyin artması “yeni başkənd” mövzusunu gündəmə gətirib; bunun üçün referendum və elə bir maliyyə lazımdır ki...
Ötən həftə demək olar ki, hər gün Xəzər dənizində 3.2-4 maqnitudalı zəlzələlər qeydə alınıb. Cənubi Qafqaz, o cümlədən Azərbaycan, Ərəb və Avrasiya tektonik plitələrinin toqquşma zonasında yerləşir. Bu səbəbdən region təbii olaraq orta və yüksək seysmik aktivliyə malikdir. Amma bu cür seysmik aktivlik region üçün tamamilə qeyri-adi deyil və adətən ciddi təhlükə siqnalı sayılmır. Xəzər hövzəsi isə tektonik baxımdan aktiv zonalardan biridir. Kiçik və orta güclü zəlzələlər tez-tez baş verir və bu, yer qabığındakı gərginliyin tədricən boşalması kimi qiymətləndirilir. Yəni əksər hallarda belə sarsıntılar daha böyük zəlzələnin qarşısını alan “təzyiq boşaltma” rolunu oynayır.
Bakı şəhərində aparılan elmi qiymətləndirmələr göstərir ki, zəlzələ baxımından ən həssas ərazilər əsasən cənub sahil zonası və şəhər mərkəzinin bəzi hissələridir. Bu bölgələrdə riskin daha yüksək olmasının bir neçə əsas səbəbi var. İlk növbədə, bu ərazilərdə geniş yayılmış yumşaq torpaq qatları seysmik dalğaları gücləndirir və sarsıntının təsirini artırır. Digər mühüm amil sıx tikinti mühitidir - binaların bir-birinə yaxın yerləşməsi zəlzələ zamanı zəncirvari zədələnmələrə səbəb ola bilər. Bundan əlavə, köhnə tikililər mühəndislik baxımından müasir seysmik standartlara cavab vermədiyi üçün daha tez zərər görür. Nəticə etibarilə, bu üç amilin - torpaq xüsusiyyətləri, urbanizasiya sıxlığı və tikililərin yaşı - üst-üstə düşməsi həmin ərazilərdə zəlzələ riskini əhəmiyyətli dərəcədə artırır.
Son dövrlərdə Bakı ətrafında seysmik aktivliyin artması və ümumilikdə urban problemlərin dərinləşməsi fonunda “yeni paytaxt” mövzusu yenidən müzakirəyə çıxarılır. Bu məsələ emosional yanaşmadan çox, strateji və uzunmüddətli planlaşdırma kontekstində qiymətləndirilməlidir. Müasir dünyada paytaxtların dəyişdirilməsi nadir hal deyil. Məsələn, Nur-Sultan və ya Cakarta kimi şəhərlərdə həddindən artıq sıxlıq, ekoloji problemlər və təhlükəsizlik riskləri bu qərarları stimullaşdırıb. Teorik olaraq, Azərbaycanın bir neçə şəhəri yeni paytaxt funksiyasına namizəd kimi göstərilə bilər. Gəncə ölkənin ikinci böyük şəhəri kimi müəyyən iqtisadi və sosial baza təqdim edir. Şəki daha stabil coğrafi mövqeyi və nisbətən aşağı risk faktorları ilə diqqət çəkir. Mingəçevir isə mərkəzi yerləşməsi və enerji infrastrukturu ilə seçilir.
Lakin bu şəhərlərin heç biri hazırkı mərhələdə paytaxtın bütün funksiyalarını dərhal qəbul edə biləcək səviyyədə deyil. Paytaxt olmaq yalnız inzibati status deyil - bu, geniş iqtisadi, sosial və logistika sistemlərinin mövcudluğunu tələb edir. Paytaxtın dəyişdirilməsi böyük maliyyə və zaman tələb edən kompleks prosesdir. Yeni inzibati mərkəzin qurulması, nəqliyyat və kommunikasiya infrastrukturunun yaradılması, dövlət qurumlarının köçürülməsi və əhalinin uyğunlaşması kimi məsələlər bu prosesi son dərəcə çətinləşdirir.
Bundan əlavə, keçid dövründə dövlət idarəçiliyində koordinasiya problemləri və iqtisadi qeyri-müəyyənliklər də yarana bilər. Bu səbəbdən belə addımlar adətən onilliklər ərzində və mərhələli şəkildə həyata keçirilir. Mövcud reallıqlar fonunda daha realist variant kimi “ikili mərkəz” modeli önə çıxır. Bu modelə görə, Bakı iqtisadi və maliyyə mərkəzi olaraq qalır, eyni zamanda ölkənin digər şəhərlərindən biri inzibati və siyasi funksiyaların bir hissəsini üzərinə götürür.
Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir.

Elşad Musayev
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında paytaxtın köçürülməsinin böyük maliyyə tələb etdiyini vurğulayıb. Deputatın sözlərinə görə, zaman-zaman bu məsələ gündəmə gəlsə də, reallaşması üçün ciddi araşdırmalara və təhlillərə ehtiyac var: “Təbii ki, son illər Bakıda artan tikintilər, bölgələrdən əhalinin paytaxta axını, yollarda yaranan tıxaclar, Bayıl yamacında torpaq sürüşməsi riski və yeraltı təkanlar, Xəzərdə tektonik qeydlər və digər günümüzün problemləri belə bir ideyanı aktuallaşdırır. Ancaq biz nümunələrə baxa bilərik ki, bəzi ölkələrdə elə də ciddi təsir göstərməyib. Məsələn, Vaşinqton və Ankara paytaxtlardır, daha çox siyasi mərkəz olaraq status qazanıblar, amma Nyu-York və İstanbulda urbanizasiya problemi həllini tapmayıb. Çünki əsas ticarət və qazanc mənbələri olaraq qalmaqdadırlar. Biz paytaxtı köçürməklə Bakının yükünü nisbətən azalda bilərik, amma yenə də bu şəhər əsas iş yeri olaraq qalacaq. Çünki neft şəhəridir, oturuşmuş bazarlar var, regionlardan gələn əhali Bakının ətrafında məskunlaşıb və onlar yaşadığı yeri tərk etməyəcəklər. O zaman şəhərin böyük yükü azalmayacaq. Sadəcə, universitetləri, bəzi nazirlikləri və dövlət qurumlarını ayrı-ayrı şəhərlərimizə köçürə bilərik. Bununla həm Bakının yükü azalar, həm də bölgələr inkişaf edər”.
E.Musayev paytaxtın köçürülməsində maliyyənin əsas məsələ olduğunu bildirib: “Məsələn, Qazaxıstan paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Siz Cakartanı qeyd etdiniz, İndoneziya 35 milyard dollar büdcə ayırıb. Mən bəzi iqtisadçıların çıxışlarını da izləmişəm. Onlar deyirlər ki, paytaxtı köçürmək üçün müasir tələbləri də nəzərə alsaq, bizə 50 milyard dollar vəsait lazımdır. Yəni olduqca bahalı proyektdir. Ona görə də, dediyim kimi, bəzi qurumları, ali təhsil ocaqlarını Bakıdan çıxara bilərik. Bəzən işğaldan azad edilən şəhərlərdən birinin paytaxt olması təklifləri səslənir. Amma məncə, paytaxt heç bir qonşu dövlətlə sərhədə yaxın olmamalıdır. Çünki dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır. Ümumiyyətlə, insanların yalnız Bakıda cəmləşməsinin qarşısını almaq üçün alternativ imkanlar formalaşdırılmalıdır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”