EN

Qədim insanların kosmosla əlaqə qurduğuna dair dəlillər tapılıb

İsraildə qazıntı aparan arxeoloqlar insanla kosmos arasında əlaqə yarada biləcəyi ehtimal edilən 10 ədəd nadir, tarixəqədərki daş balta aşkar ediblər.

AzEdu.az Rg.ru saytına istinadən xəbər verir ki, "Homo erectus" növünə aid insanların bu cür alətlər yaratmaq üçün tərkibində daşlaşmış qalıqlar və kristallar olan süxurları şüurlu şəkildə seçdiyi güman edilir.

Tədqiqatçıların ehtimalına görə, baltalar təxminən 500 000 - 200 000 il əvvəl qədim insanlar tərəfindən hazırlanıb. Alimlər düşünürlər ki, o dövrün insanları bu əşyaların xüsusi gücə və kosmik əhəmiyyətə malik olduğuna inanıblar. Yerli sakin və tədqiqatın həmmüəllifi Muataz Şalata 2024-2025-ci illər ərzində Saxnin vadisində bir neçə balta taparaq mütəxəssislərə məlumat verib. Bundan sonra alimlər bənzər geoloji xüsusiyyətləri olan daha on balta aşkar ediblər.

Tədqiqatçılar hesab edirlər ki, bu tapıntı qədim insanların geoloji xüsusiyyətləri və daşlaşmış qalıqları şüurlu surətdə fərqləndirdiklərini sübut edir. Onlar daşa sadəcə təbii resurs kimi deyil, həm də kosmosla əlaqə vasitəsi kimi yanaşıblar. Alimlərin fikrincə, daş alətlər bəşəriyyət və kainatın gücü arasında bir növ vasitəçi rolu oynayıb. Hazırda bu alətlərin istifadə sahələri haqqında daha ətraflı məlumat əldə etmək üçün tədqiqatlar davam etdirilir.

Qeyd edək ki, "Homo erectus" (dik yeriyən insan) növünün təxminən iki milyon il əvvəl Şərqi Afrikada meydana gəldiyi ehtimal olunur. Bu növ təqribən 1.5-1 milyon il əvvəl Yaxın Şərq ərazisindən keçərək Çin və Avropaya qədər geniş Avrasiya coğrafiyasına yayılıb. Onlar "Aşel mədəniyyəti" kimi tanınan daş əmək alətləri - əl çapacaqları, balta formalı kəsərlər və qaşovlar hazırlayırdılar. "Homo erectus" nümayəndələri bitki kökləri və meyvə toplamaqla yanaşı, həm də ovçuluqla məşğul olublar. Onlar "ibtidai sürü" və ya icma halında birləşərək, ilk dəfə isinmək, yemək hazırlamaq və qorunmaq məqsədilə oddan müntəzəm istifadə etməyə başlayıblar.

 

 

Chosen
4
14
azedu.az

10Sources