EN

Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş

 

ABŞ doğum turizminin ən baha, lakin eyni zamanda ən stabil istiqamətlərindən biri hesab olunur

Son illərdə Azərbaycan vətəndaşları arasında “doğuş turizmi” kimi tanınan fenomenə maraq müəyyən qədər artmaqdadır. Azərbaycanlılar arasında xaricdə doğuş turizmi hələ kütləvi xarakter daşımır, lakin qlobal tendensiyaların təsiri ilə müəyyən sosial qruplar üçün aktual seçim olaraq qalır. Bu proses həm tibbi, həm də hüquqi baxımdan daha geniş müzakirələrə ehtiyac yaradır. 

Bəllidir ki,  hamilə qadınların övladlarının başqa ölkədə dünyaya gəlməsi üçün xaricə səfər etməsində əsas məqsəd adətən uşağın həmin ölkənin vətəndaşlığını alması, daha yaxşı tibbi xidmətlərdən istifadə və ya hüquqi üstünlüklər əldə etmək olur. Azərbaycanlılar arasında xaricdə doğuş turizmi hələ kütləvi xarakter daşımır, lakin qlobal tendensiyaların təsiri ilə müəyyən sosial qruplar üçün aktual seçim olaraq qalır. Bu proses həm tibbi, həm də hüquqi baxımdan daha geniş müzakirələrə ehtiyac yaradır.

Azərbaycanlı ailələrin ən çox üz tutduğu Almaniya və digər Avropa ölkələridir. 

Bir çox ölkələrdə doğuşla avtomatik vətəndaşlıq prinsipi tətbiq edilmir və ya məhdudlaşdırılıb. Buna görə də nəticə ölkədən ölkəyə dəyişir. Eyni zamanda xaricdə doğuş xərcləri yüksək ola bilər və bu, yalnız müəyyən gəlir səviyyəsinə malik ailələr üçün əlçatan olur.

ABŞ doğum turizminin ən baha, lakin eyni zamanda ən stabil istiqamətlərindən biri hesab olunur. Burada doğulan uşaq avtomatik ABŞ vətəndaşlığı əldə edir. Tibbi sistem yüksək səviyyədə təşkil olunub və doğuş prosesi standartlaşdırılıb.

Bununla belə, əsas çətinlik yüksək xərclərdir. Doğuşun ümumi qiyməti on minlərlə dollar təşkil edə bilər. Bundan əlavə, valideynlər üçün heç bir immiqrasiya üstünlüyü nəzərdə tutulmur və gələcəkdə uşağın vergi öhdəlikləri də yarana bilər.

Amma bu məsələ ilə bağlı xeyli suallar açıq qalır. Məsələn, hamilə qadının doğuş üçün xaricə uçması nə dərəcədə təhlükəsizdir? Azərbaycanda doğuş xidmətlərinin səviyyəsi bu qərarı nə qədər əsaslandırır? Xaricdə doğuşun tibbi baxımdan real üstünlükləri varmı?

Medicina.az

Zülfüqar Yusifov 

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, sağlamlıq turizmi son illərdə dünyanın müxtəlif ölkələrində sürətlə inkişaf edən sahələrdən birinə çevrilib və bu tendensiya artıq qlobal miqyasda ciddi iqtisadi və sosial fenomen kimi qiymətləndirilir: “İnsanlar yalnız istirahət məqsədilə deyil, həm də tibbi xidmətlərdən yararlanmaq üçün sərhədləri aşmağa başlayıblar. Bu kontekstdə Azərbaycan da istisna deyil. Son dövrlərdə ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə paralel olaraq sağlamlıq turizmi istiqamətində müəyyən addımlar atılır, xüsusilə sanatoriya-kurort, balneoterapiya və reabilitasiya xidmətləri sahəsində canlanma müşahidə olunur. 

Əlbəttə ki, doğuş prosesi də tibbin mühüm və həssas istiqamətlərindən biridir və bu sahə də sağlamlıq turizminin tərkib hissəsi kimi formalaşmaqdadır. Dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə doğuş turizmi artıq aktiv şəkildə inkişaf edir və bu istiqamətdə xüsusi proqramlar, klinikalar və xidmət paketləri təklif olunur. Azərbaycan vətəndaşlarının da müəyyən hissəsi müxtəlif səbəblərdən doğuş prosesini xarici ölkələrdə həyata keçirməyə üstünlük verir. Xüsusilə Avropa ölkələri ilə, daha çox isə Almaniya ilə müəyyən əlaqələr mövcuddur və bəzi ailələr məhz bu ölkələrə üz tuturlar".

Zülfüqar Yusifov qeyd edib ki, bu seçimin arxasında bir neçə əsas faktor dayanır: “Birinci səbəb tamamilə subyektiv və fərdi seçimlə bağlıdır. Bəzi ailələr fərqli mühitdə, fərqli ölkədə doğuş prosesini həyata keçirmək istəyirlər. Məsələn, daha tanınmış, "titullu" klinikalarda doğuş etmək, daha komfortlu şərait əldə etmək və ya sadəcə olaraq, fərqli ölkədə bu prosesi yaşamaq istəyi müəyyən ailələr üçün cəlbedici görünür.

İkinci və daha mühüm səbəblərdən biri isə hüquqi amillərlə bağlıdır. Belə ki, bəzi ölkələrdə doğuş həmin ölkə ərazisində baş verdiyi təqdirdə uşağa avtomatik olaraq vətəndaşlıq verilməsi kimi mexanizmlər mövcuddur. Bu isə gələcəkdə uşağın təhsil, yaşayış və digər sosial imkanları baxımından əlavə üstünlüklər yarada bilər. 

Üçüncü istiqamət isə müəyyən hallarda yerli səhiyyə sisteminə olan inamsızlıq və ya daha fərqli tibbi yanaşma axtarışı ilə bağlı ola bilər. Bəzi ailələr düşünür ki, xaricdə fəaliyyət göstərən mütəxəssislər və klinikalar daha yüksək səviyyədə xidmət təqdim edir. Lakin bu yanaşma hər zaman obyektiv reallığı əks etdirmir. Çünki ümumilikdə Azərbaycanda səhiyyənin əksər sahələrində kifayət qədər adekvat və müasir tibbi xidmət göstərilir. Azərbaycan həkimləri artıq beynəlxalq təcrübəyə malikdirlər, müxtəlif ölkələrdə təhsil alır, çalışır və ciddi uğurlara imza atırlar. Xüsusilə mama-ginekologiya sahəsində ölkəmizdə peşəkar mütəxəssislər mövcuddur və doğuş prosesi müasir standartlara uyğun şəkildə həyata keçirilir. Lisenziyalı klinikalarda bu proses üçün bütün zəruri şərait yaradılıb və əslində əksər hallarda xaricə üz tutmağa ciddi ehtiyac qalmır.

Bununla yanaşı, istisna hallar da mövcuddur. Elə tibbi vəziyyətlər olur ki, doğuşun çətin keçəcəyi əvvəlcədən proqnozlaşdırılır və ana ilə uşağın həyatı üçün ciddi risklər mövcud olur. Bu kimi hallarda daha inkişaf etmiş texnologiyalara, xüsusi avadanlıqlara və yüksək ixtisaslı kadrlara malik klinikaların seçilməsi tamamilə normal və əsaslandırılmış qərar hesab olunur. Bu seçim yalnız xarici ölkələrlə məhdudlaşmır, eyni yanaşma ölkə daxilində də tətbiq olunur və pasiyentlər daha ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilir".

Mütəxəssis həmçinin vurğulayıb ki, hamiləlik dövründə xüsusilə uzun məsafəli səfərlər, o cümlədən təyyarə ilə uçuş müəyyən risklər yarada bilər: “Bu baxımdan hamiləliyin müxtəlif mərhələlərində həkim nəzarəti və icazəsi vacibdir. Elə dövrlər var ki, uçuş zamanı təzyiq dəyişiklikləri və digər faktorlar ana və döl üçün təhlükə yarada bilər. Buna görə də hər bir halda tibbi göstərişlər əsas götürülməli, risklər düzgün qiymətləndirilməli və qərar məsuliyyətlə verilməlidir”.

Natiq

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli isə bu trendin uzunmüddətli perspektivdə hansı nəticələr doğura biləcəyindən danışıb: "Fikrimcə, bu məsələ birbaşa maddi vəziyyətlə bağlıdır. Yəni bu, ucuz proses deyil. Məsələn, Böyük Britaniyada doğuş xidmətlərinin qiyməti təxminən 30 min funt sterlinqdən başlayır ki, bu da təxminən 70 min manata yaxın məbləğ edir. Eyni zamanda digər Avropa ölkələrində bu rəqəm 15-20 min avro civarında dəyişir. Bu isə o deməkdir ki, xaricdə doğuş hər kəs üçün əlçatan deyil və daha çox maddi imkanı yüksək olan şəxslərə aiddir. Lakin maddi vəziyyəti yaxşı olan ailələr bu addımı müəyyən riskləri gözə alaraq atırlar. Onlar düşünürlər ki, doğuşla bağlı sənədləri əldə etdikdən sonra viza, oturum və digər hüquqi məsələlərdə ciddi problemlərlə qarşılaşmayacaqlar. Eyni zamanda bu, gələcəkdə həmin ölkələrdə təhsil almaq və ya yaşamaq imkanlarını da genişləndirir. Ona görə də hesab edirəm ki, bu məsələ daha çox maddi vəziyyəti yaxşı olan dar bir kəsim üçün adi və qəbul edilən bir seçimə çevrilib".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Chosen
23
50
musavat.com

10Sources