EN

Urbanizasiya prosesinin güclənməsi küy çirklənməsi coğrafiyasının genişlənməsinə səbəb olub

Bakı, 15 aprel, AZƏRTAC

Hazırda bəşəriyyəti narahat edən qlobal məsələlərdən biri də ekologiya problemləridir. Qlobal istiləşmə, bioloji müxtəlifliyin kəskin azalması, münbit torpaqların eroziyası və səhralaşma və s. proseslərlə yanaşı, ətraf mühitin çirklənməsi də mühüm ekoloji problemlərdən biri hesab edilir. Ətraf mühitin çirklənməsi dedikdə atmosfer havasının, suyun çirklənməsi, radioaktiv və elektromaqnit şüalarla, tullantılarla çirklənmə ilə yanaşı, akustik küy çirklənməsi nəzərdə tutulur.

Akustik küy problemi ilə bağlı nəzəri və praktiki tədqiqat işlərində, o cümlədən beynəlxalq standartlarda bir qayda olaraq akustik küy “antropogen mənşəli arzuolunmayan və ziyanlı səs” kimi qiymətləndirilir. Burada “ziyanlı səs” dedikdə yaranma yerində intensivliyi normativ sənədlərlə müəyyənləşdirilmiş həddən yüksək olan səslər–nitq, musiqi, hərəkət edən cisimlərin, təbiət hadisələrinin yaratdığı səslər və s. başa düşülür.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru dosent Bikəs Ağayev deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının dünyanın gələcək dayanıqlı inkişafı və ekoloji problemlərin həllinə aid Ümumdünya Sammitində (Yohannesburq-2002) qəbul edilmiş “Dayanıqlı inkişaf konsepsiyası”da qeyd edilir ki, dünyanın gələcək inkişafı həmçinin ekoloji problemlərin necə həll olunmasından asılı olacaq. Həmin sənədlərdə insanların gündəlik fəaliyyəti nəticəsində yaranan akustik küy (küy çirklənməsi) ətraf mühitə ziyanlı təsir göstərən fiziki amillərdən biri kimi qeyd edilir.

Qeyd olunub ki, son bir neçə onilliklər ərzində urbanizasiya prosesinin güclənməsi, texnologiyaların sürətli inkişafı, xüsusilə nəqliyyat vasitələrinin sayının kəskin artması, insan fəaliyyətinin intensivləşməsi və s. amillər küy çirklənməsi coğrafiyasının genişlənməsinə, küy səviyyəsinin yüksəlməsinə, küy təsirindən yaranan xəstəliklərin və digər arzuolunmaz halların artmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Ətraf Mühit Agentliyi, ABŞ-ın Əmək və Sağlamlığı Mühafizə Milli İnstitutu və s. kimi bir sıra beynəlxalq və regional təşkilatların qiymətləndirməsinə görə, insan sağlamlığı və ətraf mühitə ziyanlı təsirinə görə küy çirklənməsi atmosfer havasının çirklənməsindən sonra ikinci əsas səbəbdir.

Küy çirklənməsi bir sıra ciddi xəstəliklərin yaranmasına bilavasitə səbəb olur və ya onların yaranması üçün əlverişli zəmin yaradır. Ona görə də ətraf mühitin küy vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi, insan sağlamlığının izafi küy təsirindən qorunması məqsədilə idarəedici qərarların qəbulu və müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi nöqteyi-nəzərindən aktual və mühüm əhəmiyyətə malik məsələlərdəndir. Sübut olunub ki, uzunmüddətli səs-küy şəraiti insanlarda emosional vəziyyətin pisləşməsinə, streslərə, iş qabiliyyətinin, iş keyfiyyətinin, əmək məhsuldarlığının və təhlükəsizliyinin azalmasına və bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də bir çox inkişaf etmiş ölkələr küy problemləri üzrə tədqiqatların aparılmasına, əhalinin küydən mühafizə tədbirlərinə xüsusi diqqət ayırırlar. Məsələn, son illər Avropa İttifaqı təkcə küydən mühafizə tədbirlərinə ümummilli daxili məhsulunun 1-2 faizi, yəni 50 milyard avro xərcləyir.

"MDB məkanında uyğun standartlarla təsbit edilmiş və təhlükəsizlik amilinə əsaslanan təsnifata görə, insan sağlamlığına təsirinə görə küy tezlik amili baxımından ən ümumi halda eşidilməyən aşağı tezliklər (infrasəs, 0-20 Hs), eşidilən orta tezliklər (20-8000 Hs), eləcə də eşidilən yüksək tezliklər (8000-16000 Hs) və eşidilməyən yüksək tezliklər (16000 Hs-dən böyük) zolaqlara bölünür. Küy, eləcə də canlı aləmə təsirinə və zaman amilinə görə də (sabit, dəyişən, kəsilməz dəyişən, impulsiv və s.) fərqli xüsusiyyətlərə malikdir.

Əsas küy mənbələri hərəkətli və stasionar olmaqla iki qrupa bölünür. Burada hərəkətli küy mənbələri dedikdə avtomobil, relsli yol, hava və s. nəqliyyat vasitələri, stasionar dedikdə isə sənaye və digər sahə müəssisələrinin mühəndis avadanlıqları, məişət avadanlıqları və s. nəzərdə tutulur.

Mənbələrin generasiya etdiyi səs-küy səviyyələrinin və digər parametrlərinin dəyişmə intervalı böyükdür və hər biri geniş həddə dəyişə bilər. Məsələn, normal (sakit) danışıq 40-45 desibel, çox ucadan danışıq 50-60 desibel, avtomobil nəqliyyatı 50-100 desibel, dəmir yol nəqliyyatı 50-90 desibel, enmə-qalxma zamanı təyyarələr 90-120 dedibel, diskoteka 150-160 desibel səs təzyiqi səviyyəsi generasiya edir. İnsan üçün 120 desibel qulaqda ağrı yaradan, 200 desibel küy öldürücü səviyyə hesab edilir. Məsələn, keçmişdə bəzi slavyan ölkələrində edam növü kimi kilsə zənglərinin güclü akustik səsindən istifadə etdikləri məlumdur. Hərbi gəmilərin sonarlarının güclü infrasəs siqnallarının təsiri nəticəsində balinaların naviqasiya xüsusiyyətini itirib sahilə çırpılması halları sübut edilib. Güclü küy təsirindən bitkilərin inkişafı dayanır və ya məhv olur.

Mənbələrin yaratdığı küyün ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə küy normalarını müəyyənləşdirən normativ sənədlər qəbul edilib. Küyün normalaşdırılmasında məqsəd onun zərərli təsirinin qarşısını almaq üçün eşitmənin pisləşməsinə (pozulmasına), “küy xəstəlikləri” adlandırılan sağlamlığın patoloji hallarının yaranmasına və əmək fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olan küy səviyyələrini müəyyənləşdirməkdir. Sanitar normalar və qaydalar insana birbaşa və ya dolayı yolla ziyanlı və xoşagəlməz təsiri olmayan, onun əmək fəaliyyətini azaltmayan, sağlamlığı və əhval-ruhiyyəsinə təsir göstərməyən küy səviyyəsi icazə verilən səviyyə sayılır.

Küyə həssaslıq yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən, cari psixofiziki vəziyyətdən, milli mental xüsusiyyətlərdən, ətraf mühit şəraitindən (havanın temperaturu və nəmliyi, yağıntı, küləyin sürəti və qulağa nisbətən istiqaməti və s.) və s. asılı olduğu üçün normalar ən həssas fərdlərin audiometrik reaksiyaları nəzərə alınmaqla müəyyənləşdirilir. Sanitar-gigiyenik normalaşdırma, eyni zamanda, küyün intensivliyini, spektral tərkibini, təsir müddəti və dozasını tənzimləməklə yanaşı, onun mənfi təsirlərindən qorunmaq üçün normativ mühafizə qaydalarını da müəyyənləşdirir. Məsələn, normativ sənədlərə görə, mənzillərin yaşayış otaqlarında səs səviyyəsi gündüz (07:00-11:00 intervalında) ortalama qiymətlərdə 40 desibeldən gecə saatlarında isə (11:00-07:00) 30 db-dən yüksək olmamalıdır, maksimal küy səviyyəsi isə gündüz 55, gecələr 45 desibel həddini aşmamalıdır. istehsal yerlərində gündüz və gecə maksimal küy səviyyəsi 80 db-dən yüksək olmamalıdır", - deyə B.Ağayev qeyd edib.

Müxbir - Göyçək Mahmudlu

Chosen
19
13
azertag.az

10Sources