EN

Hörmüz boğazında vəziyyət düzəlməsə...

Neft idxal edən dövlətlərdə böhran daha da dərinləşə bilər

Qlobal enerji bazarında gərginlik hələ də yüksək olaraq qalır. ABŞ və İran arasında elan olunmuş atəşkəs ilk baxışda bazarda müəyyən sabitlik yaratmalı idi. Lakin reallıq göstərir ki, neft bazarındakı dalğalanma hələ də səngiməyib. Və bu, onu göstərir ki, təchizat stresi və neft daşımasında yaranmış problemlər davam edir. 

Ehtimal olunur ki, bu vəziyyət Avropa da daxil olmaqla dünyanın bir çox bölgəsində yanacaq qiymətlərinin artmasına, xərclərin yüksəlməsinə və gündəlik tələbat mallarının əlçatanlığının azalmasına səbəb olacaq. Problem uzanarsa, qlobal iqtisadi artımın zəifləməsi qaçılmazdır. 

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Atlantik Şurasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, yaranan enerji tədarükü böhranı Avropa da daxil olmaqla bir çox regiona təsir göstərə bilər: "Böhran yanacaq qiymətlərinin artmasına və malların əlçatanlığının azalmasına səbəb olur. Xüsusilə aviasiya və dizel yanacağı sahəsində Avropada ciddi çətinliklər gözlənilir. Münaqişənin davam etməsi qlobal iqtisadi proqnozların pisləşməsinə və inflyasiyanın artmasına gətirib çıxara bilər".                     

Problemin mənbəyi Hörmüz boğazında davam edən məhdudiyyətlərdir. Məlum olduğu kimi, dünya üzrə neft və qaz daşımalarının təxminən 20 faizi bu strateji dəhlizdən keçir. Hazırda isə burada hərəkət tam normallaşmayıb. Tanker axınında fasilələrin davam etməsi bazardakı gərginliyi daha da artırır. Görünür, məhz buna görə enerji bazarında məhsulun qiyməti ilə birja qiyməti arasında belə ciddi fərq yaranıb.

Norveçin müstəqil araşdırma şirkəti "Rystad Energy"nin təhlillərinə görə, əgər neft emalı zavodları qiymətlərin gələcəkdə enəcəyini düşünərək alış prosesini gecikdirsələr, bazardakı sıxlıq daha da dərinləşə bilər. Belə bir vəziyyətdə hətta siyasi gərginlik müəyyən qədər azalsa belə, qiymətlərin yüksək səviyyədə qalması tamamilə mümkün görünür. Yəni şokun ən sərt hissəsi məhz  neft bazarında yaşanır. Bu vəziyyətin Avropa iqtisadiyyatına təsiri xüsusilə ciddi ola bilər. Çünki Avropa sənayesi və nəqliyyat sektoru enerji resurslarından yüksək dərəcədə asılıdır. Xüsusi dizel yanacağının bahalaşması ilk növbədə yük daşımalarına, kənd təsərrüfatına və istehsal sektoruna təsir göstərəcək. Nəticədə ərzaq məhsullarının, tikinti materiallarının və gündəlik istehlak mallarının qiymətində artım müşahidə oluna bilər. Aviasiya sektoru üçün də risklər böyük görünür. Aviasiya yanacağının qiymətində artım, çox güman ki, aviabiletlərin bahalaşmasına səbəb olacaq. Bu isə həm turizm sənayesinə, həm də beynəlxalq biznes əlaqələrinə mənfi təsir göstərə bilər. 

Digər tərəfdən, neft markaları arasındakı ənənəvi qiymət balansının pozulması da diqqət çəkir. Adətən, Brent nefti ABŞ-nin WTI markasından 3-5 dollar baha olurdu. Lakin son böhran zamanı bu fərq 10 dolları da keçib. Bu, bazarın normal işləmədiyini göstərir.

Bütün bunlar təsdiqləyir ki, enerji bazarında balans ciddi şəkildə pozulub. İnvestorlar və alıcılar bazardakı riskləri qiymətlərə sürətlə daxil edirlər. Bu da həm maliyyə bazarlarında, həm də real iqtisadiyyatda əlavə təzyiq yaradır. Bundan əlavə, qlobal iqtisadi artım tempinin aşağı düşməsi ehtimalı da kifayət qədər yüksəkdir. Xüsusilə Avropa ölkələri və enerji idxalından asılı iqtisadiyyatlar üçün bu vəziyyət daha həssasdır. Sənaye istehsalının azalması, xidmət sektorunda xərclərin artması və istehlakın zəifləməsi ümumi iqtisadi mənzərəni daha da mürəkkəbləşdirə bilər. Beləliklə, hazırkı vəziyyət enerji bazarında təhlükənin hələ keçmədiyini açıq şəkildə göstərir. İndi əsas məsələ atəşkəsin nə dərəcədə davamlı olması və Hörmüz boğazında daşımaların nə vaxt tam bərpa ediləcəyidir. Əgər bu proses yaxın zamanda normallaşmasa, enerji böhranının daha geniş iqtisadi böhrana çevrilməsi ehtimalı artır. Bu isə bütün dünya iqtisadiyyatı üçün ciddi sınaq ola bilər.

Hazırkı mənzərə həm də göstərir ki, enerji bazarında sabitliyin bərpası üçün təkcə siyasi bəyanatlar kifayət deyil. Əsas məsələ tədarükün tam bərpası, logistikanın normallaşması və bazarda etimadın yenidən formalaşmasıdır. Əks halda, qarşıdakı aylarda həm enerji qiymətləri, həm də ümumi inflyasiya yüksək səviyyədə qalmağa davam edəcək.

Təhminə VERDİYEVA,

"Azərbaycan"

Chosen
23
50
azerbaijan-news.az

10Sources