Nazim Eynallı
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru
Hər il 15 apreldə Azərbaycan elmi və tibb ictimaiyyəti görkəmli alim, tanınmış oftalmoloq, akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad edir. Onun zəngin həyat yolu, elmi fəaliyyəti və insanlara xidmətlə dolu ömrü bu gün də səhiyyə sahəsində çalışanlar üçün örnək olaraq qalır.
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Erkən yaşlarından elmə və təhsilə böyük maraq göstərən Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə isə ali təhsilini əla qiymətlərlə başa vurub.
Onun peşəkar fəaliyyəti Azərbaycan oftalmologiya elminin inkişafında mühüm mərhələ təşkil edir. 1949-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan Zərifə Əliyeva həm praktik həkim, həm də tədqiqatçı kimi elmi axtarışlarını davam etdirib. 1960–1967-ci illərdə böyük elmi işçi vəzifəsində çalışan alim 1963-cü ildə “Oftalmologiya” ixtisası üzrə yüksək elmi ada layiq görülüb.
XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış və korluğa səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə Zərifə Əliyevanın fəaliyyətində xüsusi yer tutur. O, bu infeksiyaya qarşı profilaktik və müalicə tədbirlərinin təşkilində fəal iştirak etmiş, regionlara səfərlər edərək həkimlərə elmi-praktik tövsiyələr verib. Onun tətbiq etdiyi müalicə üsulları sayəsində traxoma xəstəliyi ölkədə sosial bəla kimi aradan qaldırılib.
Zərifə Əliyeva eyni zamanda qlaukoma və digər göz xəstəliklərinin öyrənilməsi istiqamətində mühüm tədqiqatlar aparıb. 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası oftalmologiya sahəsində yeni müalicə yanaşmalarının tətbiqinə geniş imkanlar açıb .Daha sonra isə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb.
Alim yalnız elmi fəaliyyətlə kifayətlənməmiş, eyni zamanda pedaqoji sahədə də böyük xidmətlər göstərib. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışdığı illərdə yüzlərlə gənc həkimin yetişməsinə töhfə vermiş, onların peşəkar formalaşmasında mühüm rol oynayıb. Onun rəhbərliyi altında oftalmologiya sahəsində yeni nəsil mütəxəssislər yetişib.
Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olub. Onun “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” kimi əsərləri bu gün də mütəxəssislər üçün qiymətli mənbə hesab olunur. Elmi nailiyyətlərinə görə o, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın olub.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva bu sahədə ilk qadın oftalmoloq kimi tarixə düşüb. Onun fəaliyyəti yalnız tibb elminin inkişafına deyil, həm də humanizm, insanlara sevgi və qayğı prinsiplərinin təbliğinə xidmət edib.
Akademik Zərifə Əliyevanın həyat yolu fədakarlıq, zəhmət və yüksək mənəvi dəyərlərin təcəssümüdür. Bu gün onun adı Azərbaycan səhiyyə tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlər sırasında qürurla çəkilir. 15 aprel anım günü isə onun əziz xatirəsinə ehtiramın, gördüyü işlərə verilən yüksək dəyərin ifadəsidir