EN

Vens yenidən ABŞ-nin İranla danışıqlardakı nümayəndə heyətinə rəhbərlik edə bilər

Vaşinqton Tehranla ikinci məsləhətləşmə raundunu hazırlayır, lakin görüşün keçirilib-keçirilməyəcəyi hələ dəqiq deyil...

Poliqon xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, İranla keçirilməsi nəzərdə tutulan ikinci məsləhətləşmə raundunda ABŞ vitse-prezidenti Cey Di Vensin, həmçinin Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı gözlənilir.

Məlumata əsasən, həftəsonu İslamabadda iranlı rəsmilərlə danışıqlar aparmış Uitkoff və Kuşnerə Tramp administrasiyası yenidən etimad göstərir. Mənbələr bildiriblər ki, ABŞ prezidenti Donald Tramp onlara müharibədən diplomatik çıxış yolu tapmaq tapşırığı verib və bu istiqamətdə işi davam etdirmələrini istəyib.

CNN-nin bildirdiyinə görə, administrasiya daxilində mümkün görüşün detalları müzakirə olunur. Bununla belə, çərşənbə axşamı axşam saatlarınadək görüşün baş tutub-tutmayacağı aydın olmayıb. İran tərəfi də hələlik belə bir görüşə hazırlıq getdiyini rəsmi şəkildə təsdiqləməyib.

Məlumatda qeyd olunur ki, Tramp daha əvvəl New York Post qəzetinə açıqlamasında yaxın iki gün ərzində Pakistanda “nəsə baş verə biləcəyini” söyləyib. Bu bəyanat mümkün diplomatik təmaslarla bağlı ehtimalları daha da artırıb.

ABŞ rəsmilərindən biri isə CNN-ə bildirib ki, gələcək danışıqlar hazırda müzakirə mərhələsindədir, lakin bu an üçün konkret heç nə planlaşdırılmayıb. Bu açıqlama Vaşinqtonun diplomatik kanalları açıq saxlamağa çalışdığını göstərsə də, prosesin hələ qeyri-müəyyən mərhələdə olduğunu ortaya qoyur.

Müşahidəçilərin fikrincə, ABŞ-nin yüksək səviyyəli rəsmilərini yenidən bu prosesə cəlb etməsi Vaşinqtonun İranla qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün siyasi-diplomatik manevr imkanlarını tükətmək istəmədiyini göstərir. Eyni zamanda, rəsmi təsdiqin olmaması və görüşün vaxtı ilə bağlı qeyri-müəyyənlik yaxın günlərdə regionda diplomatik gündəmin əsas mövzularından biri olaraq qalacaq.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources