Hindistan ABŞ ilə yaxşı münasibətlərə malik olsa da, iki ölkə arasında ticarətdə xeyli gərginlik olub. Son bir ildə Tramp administrasiyasının bəzi yüksək vəzifəli şəxsləri Hindistana qarşı istifadə edilən sərt ritorika münasibətlərə mənfi təsir edib. Buna görə də, Hindistanın hazırkı İran müharibəsində birinci seçim vasitəçisi olması ehtimalı az idi. Halbuki, Hörmüz boğazındakı gərgin vəziyyət Çinlə yanaşı Hindistanın da iqtisadi maraqlarına mənfi təsir edir.
![]() |
| Tramp: "Müharibə bitməyib, amma az qalır" |
Doğrudur, Hindistan tankerləri Hörmüz boğazından keçidə görə İrana rüsum ödəməyiblər. Bu barədə İranın Yeni Dehlidəki səfirinin açıqlaması var. Ancaq ABŞ Hörmüz boğazını mühasirədə saxlamaqda davam edərsə, Hindistanın İrandan neft alması çətinləşəcək. ABŞ buna imkan verməyəcək. Bu arada, Hindistan bayrağı altında üzən 15 gəmi gəmi Fars körfəzində ilişib qalıb. Hindistanın xam neft və sıxılmış qazının təxminən yarısı isə Hörmüz boğazından keçir.
Pakistan hökuməti ABŞ və İran nümayəndələrinin növbəti görüşünü də İslamabadda keçirmək istəyir. Ancaq bunun üçün Tehran Hörmüz boğazına nəzarət etməyəcəyinə dair Vaşinqtona mesaj göndərməlidir. İran bu nəzarətdən imtina etməlidir ki, ABŞ da boğazdan çıxan gəmilərin yoxlanılmasına son qoysun. Əgər İslamabadda ikinci görüş və danışıqlar da uğursuz nəticələnərsə, bu müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq.
Bütün hallarda İslabamaddakı son danışıqlar gözlənilən nəticəni verməsə də, sülh prosesini irəlilətməyə ehtiyac var. Avropa İttifaqı da vəziyyətin sabitləşməsini səbirsizliklə gözləyir. Çünki Hörmüz boğazı ətrafındakı gərginlik Avropa ölkələrinin iqtisadiyyatlarına da mənfi təsir edir. Hörmüz boğazı ətrafındakı gərginlik Körfəz ölkələrinin enerji resurslarını alternativ yollarla dünya bazarlarına daşınmasına vadar edəcək. Misal üçün Körfəz ölkələri boru xətlərinin tikintisi barədə düşünə bilərlər. Ancaq bu xətlərin tikintisinə uzun illər sərf olunacağından müharibədən əvvəlki gəlirlər əldə edə bilməyəcəklər.
Azərbaycanın nümunəsi göstərir ki, neft və qaz resurslarının dünya bazarlarına çatdırılmasında şaxələndirilmə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan 1994-cü ildə “əsrin müqaviləsini” imzaladıqdan qısa müddət sonra neftin dünya bazarlarına daşınması məqsədilə 3 boru xəttinə malik idi. Birində problem yarananda, digər xətdən istifadə etmək mümkündür. İran və Körfəz ölkələri neftin bazarlara alternativ çatdırılma xətlərinə malik deyillər.

Elxan Şahinoğlu
Politoloq
