EN

Azərbaycanlı investorların Rusiyaya sirli yatırımları

Sabiq nazir şimal ölkəsinə maliyyə qoyuluşunu yüksək risk kimi qiymətləndirir 

Rusiya mediası son günlər  azərbaycanlı iş adamlarının xüsusilə Sankt-Peterburqda bahalı investisiya layihələrinə külli miqdarda sərmayə yatırdıqları haqda xəbərlər yayıb.    

Bildirilir ki, Milli Məclisin sabiq deputatı Əsabil Qasımova bağlı şirkət Sankt-Peterburqdakı Sadovaya 62 ünvanında yerləşən tarixi “Nikolskiye Ryadı”(“Nikolski sıraları”) binalarını alıb. “Nikolskiye Ryadı” azərbaycanlı iş adamına 2,85 milyard rubla (təxminən 37 milyon dollar) başa gəlib. Sankt-Peterburqun mərkəzində yerləşən kompleksinin 37 milyon dollara satılması ilk baxışda adi kommersiya əməliyyatı kimi görünə bilər. “Nikolskı sıralar”ın tarixi də diqqətəlayiqdir. Vaxtilə bazar kimi fəaliyyət göstərən bu bina 2010-cu ildə investorlar tərəfindən alındıqdan sonra yenidən qurulub və 2018-ci ildə müasir turizm və ictimai məkan kimi istifadəyə verilib. Burada beynəlxalq hotel şəbəkələri, restoranlar və açıq ictimai sahələr fəaliyyət göstərib. Lakin son illərdə geosiyasi dəyişikliklər və Qərb brendlərinin Rusiyanı tərk etməsi obyektin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə hotellər rebrendinq edilib və əvvəlki gəlir səviyyəsi qorunmayıb.

Rusiya mediası yazır ki, lakin bu sövdələşmə əslində daha dərin iqtisadi məntiqə və uzunmüddətli strateji baxışa əsaslanır. Çünki burada söhbət sadəcə bir daşınmaz əmlakın alqı-satqısından deyil, böyüyən turizm bazarında mövqe tutmaq cəhdindən gedir.

Əsabil Qasımovdan sonra Belarusda zavod direktoru olan Akif Qasımov da “Lennauçfilmi”i alıb. Bazar qiymətləndirmələrinə görə, Qasımov 2 sahəyə malik 17.400 kvahektarlıq dratmetrlik əmlak üçün təxminən 1 milyard rubl  ödəyib. 

Mütəxəssislərin fikrincə, azərbaycanlı iş adamlarının Rusiyaya yönələn investisiya fəaliyyəti bir neçə əsas amillə izah olunur. Bu amillər həm iqtisadi imkanlar, həm də mövcud geosiyasi və bazar şərtləri ilə sıx bağlıdır.

İlk olaraq, Rusiyada böyük və nisbətən ucuz aktiv bazarının formalaşması diqqət çəkir. Qərb şirkətlərinin ölkədən çıxması və sanksiyalar fonunda bir çox iri obyektlərin dəyəri əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Bu vəziyyət kapitala malik investorlar üçün yeni imkanlar yaradıb. Xüsusilə tarixi binalar, hotellər və sənaye obyektləri daha əlverişli qiymətlərlə bazara çıxarılır.

Bununla yanaşı, risklərə baxmayaraq Rusiya bazarında yüksək gəlir potensialı qalmaqdadır. Sanksiyalar və geosiyasi gərginliklərə baxmayaraq, ölkə hələ də böyük istehlak bazarına və geniş şəhər iqtisadiyyatına sahibdir. Bu isə müəyyən sektorlar üzrə uzunmüddətli gəlir imkanlarını qoruyur.

Digər mühüm amil Azərbaycan və Rusiya arasında mövcud olan coğrafi və iqtisadi yaxınlıqdır. Uzun illərə dayanan ticarət əlaqələri, logistika imkanları və diaspor faktorları investorlar üçün əlavə rahatlıq yaradır və qərarvermə prosesini asanlaşdırır.

Eyni zamanda kapitalın diversifikasiyası strategiyası da bu tendensiyada mühüm rol oynayır. Böyük biznes qrupları riskləri azaltmaq məqsədilə müxtəlif ölkələrdə aktivlər yerləşdirirlər və Rusiya bazarı bu strategiyanın mühüm istiqamətlərindən biri kimi çıxış edir.

Bununla belə, ekspertlər xəbərdarlıq edir ki, Rusiya bazarına investisiya qoyuluşu yüksək risklərlə müşayiət olunur. Sanksiya rejimi, valyuta dəyişkənliyi və siyasi qeyri-müəyyənlik bu mühitdə fəaliyyət göstərən investorlar üçün əsas çağırış olaraq qalır.

Azərbaycanlı iş adamlarının xarici bazarlara çıxışı və iri layihələrə sərmayə qoyması iqtisadi baxımdan müsbət haldır. Lakin mövcud geosiyasi və maliyyə reallıqları bu istiqamətdə ciddi risklərin olduğunu göstərir. Ekspertlərin xəbərdarlıqları da məhz bu reallıqlara əsaslanır və kifayət qədər əsaslıdır. 

Sabiq maliyyə, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Yeni Müsavat”a bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar investisiya mühitini kəskin şəkildə dəyişib. Bu sanksiyalar bank əməliyyatlarının məhdudlaşdırılması, beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılma, xarici şirkətlərin fəaliyyətinə qadağalar kimi nəticələr doğurur: “Bu şəraitdə Rusiyada fəaliyyət göstərən investorlar üçün aktivlərin dondurulması, müqavilələrin beynəlxalq hüquqla qorunmaması, ikili sanksiya riski kimi təhlükələr yaranır”.

Ekspert hesab edir ki, valyuta və maliyyə sabitsizliyi də risklər meydana gətirir: “Rusiya rublunun məzənnəsi son illərdə kəskin dəyişkənlik nümayiş etdirir. Bu isə gəlirlərin dəyərsizləşməsi, valyutaya çevrilməsi zamanı itkilər, xarici valyutada borcların artması kimi problemlərə səbəb olur. Xüsusilə uzunmüddətli layihələrdə bu risk daha da artır, çünki investisiya geri dönüşü illərlə çəkə bilər və bu müddətdə valyuta şokları investorun qazancını sıfırlaya bilər. Rusiya hazırda yüksək geosiyasi gərginlik mühitindədir. Bu isə investorlara birbaşa təsir edir. Qanunvericiliyin qəfil dəyişməsi kimi hallar, xarici investorlara qarşı məhdudiyyətlərin artırılması, dövlətin iqtisadiyyata müdaxiləsinin güclənməsi kimi faktorlar biznes mühitinin proqnozlaşdırılmasını çətinləşdirir. Bu gün sərfəli görünən layihə sabah siyasi qərarla riskli və ya zərərli ola bilər.

Son illərdə Rusiyada bəzi xarici şirkətlərin aktivlərinə dövlət nəzarətinin artırılması halları müşahidə olunub. Bu da investorlar üçün ciddi siqnaldır. Müəssisələrin məcburi satışa çıxarılması, yerli tərəfdaşlara ötürülməsi, dövlət tərəfindən idarə olunması kimi addımlar investisiyanın təhlükəsizliyini şübhə altına alır".

Professor vurğulayıb ki, investor üçün ən vacib məsələlərdən biri sərmayəni istədiyi vaxt bazardan çıxara bilməsidir. Rusiyada isə xarici investorlara kapital çıxarışına məhdudiyyətlər, alıcı bazarının daralması, aktivlərin real bazar qiymətindən aşağı satılması kimi problemlər mövcuddur: “Bu isə o deməkdir ki, investor istəsə belə, sərmayəsini tez və sərfəli şəkildə geri çəkə bilməyə bilər.  Rusiyada fəaliyyət göstərmək bəzi hallarda investorun beynəlxalq reputasiyasına da təsir edə bilər. Qərb bazarlarına çıxışın məhdudlaşması, beynəlxalq tərəfdaşların əməkdaşlıqdan imtinası, maliyyə institutları ilə problemlərin meydana gəlməsi mümkündür. Bu risk xüsusilə qlobal fəaliyyət göstərən və ya genişlənmə planları olan iş adamları üçün daha aktualdır. Rusiya bazarında əlavə olaraq, dövlət monopoliyalarının güclü olması, rəqabət mühitinin qeyri-bərabərliyi, korrupsiya və inzibati baryerlər də investorların fəaliyyətini çətinləşdirən amillər sırasındadır. Odur ki, Rusiya bazarı hazırda yüksək gəlir potensialı ilə yanaşı, eyni zamanda yüksək risk zonası kimi qiymətləndirilir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
4
musavat.com

1Sources