EN

Ziyalılıq, zəriflik və analıq rəmzi

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Akademik Zərifə Əliyevanın əbədiyyətə qovuşmasından 41 il keçir

Akademik, dünya şöhrətli oftalmoloq Zərifə Əliyeva elmi zəkası, həkim şəfqəti, qadın xanım-xatınlığı, ana qayğıkeşliyi ilə örnək bir obraza çevrilərək yaddaşlarda və ürəklərdə yaşayır. Görkəmli siyasət və dövlət xadimi Əziz Əliyevin qızı, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, fəal ictimai xadim Zərifə Əliyeva həm də xalqımıza Ulu öndərin ən layiqli davamçısı olan İlham Əliyev kimi müzəffər bir lider bəxş edib. Bütün bunlara görə bu sevimli şəxsiyyətlə bağlı hər bir hadisə və faktı yüksək qədirbilənlik və dərin ehtiramla qeyd edirik.

Tərcümeyi-halından sətirlər: Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb və mənalı ömrü ilə könüllərdə özünə əbədi bir taxt qurub. Atası – tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyev ixtisasca həkim idi və həyat yoldaşı Leyla xanımla birgə yüksək insani keyfiyyətlərə malik övladlar yetişdirib. Uşaqlar öz atalarının peşəsinə olan şövqünü görərək, onun kimi tibb sahəsinə könül veriblər. Tamerlan Əliyev terapevt, Cəmil Əliyev onkoloq, Zərifə və Ləzifə Əliyevalar oftalmoloq ixtisasını seçiblər.

Hələ yeniyetmə vaxtı Zərifə hər gün dərsdən sonra rəfiqələri ilə birgə yaxınlıqdakı hərbi hospitala gedib və müharibədə yaralanmış hərbçilərin müalicəsinə kömək etməyə çalışıb. Beləcə, qayğıya, diqqətə ehtiyac duyanlara şəfqət bağışlamaq onun həyat amalına çevrilib. 1942-ci ildə orta məktəbi bitirərək Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Nümunəvi davranışı, biliklərə dərindən yiyələnmək əzmi ilə müəllim və tələbə yoldaşlarının rəğbətini qazanıb.

Gözlərə, könüllərə işıq yaymaqdan zövq alan Zərifə Əliyeva görmə orqanlarını sıradan çıxaran traxoma xəstəliyinə qarşı mübarizə aparmaq məramına sadiq qalıb. İkinci Dünya müharibəsindən sonra Azərbaycanda regional əhəmiyyət kəsb edən göz xəstəlikləri, o cümlədən gözün peşə xəstəlikləri üzrə fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq sahəsində Zərifə xanımın məhsuldar fəaliyyəti olub. Onun getdikcə dərinləşən effektiv mübarizə üsulları oftalmologiya elminə mühüm töhfələr kimi dəyərləndirilir.

Gənc həkim 2 il Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçərək Vətənə qayıdandan sonra Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1950-ci ildə aspiranturaya daxil olaraq praktik həkimliklə paralel elmi axtarışlar da aparıb. Bu sahədə çalışmalarının ilk mərhələsini traxoma xəstəliyinin müalicəsinə həsr edib.

Eyni zamanda, gənc mütəxəssis digər göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərini işləyib hazırlayıb. Yoruldum demədən tez-tez rayonlara gedib, oftalmoloqlar üçün məruzələr oxuyub, əhali arasında geniş maarifləndirmə işləri aparıb. “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını yüksək səviyyədə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alıb. Mütəxəssislər bu gün də etiraf edirlər ki, Zərifə xanım traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən “sintomisin”dən isifadə etməklə, yeni üsul tapıb və müsbət nəticələrə nail olub.

O, eyni zamanda, gözəl ömür-gün yoldaşı və ana kimi də nümunə olub. Həyat yoldaşı – ulu öndərimiz Heydər Əliyev 1995-ci ildə Zərifə xanımın doğum günündə bu barədə həvəslə danışıb: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib... Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm”.

Bu sətirlərin müəllifi 1999-cu ildə Novruz bayramı ərəfəsində Biləsuvar çadır şəhərciyində qaçqın ailələrindən olan cütlüklərin toyunda gənclərə xeyir-dua verən Ulu öndərin Zərifə Əliyeva ilə necə evləndiklərini nəql etməsini də olduğu kimi xatırlayır. Unudulmaz dahi şəxsiyyət bir qutu şokoladla ailə qurduqlarını bildirmiş, heç vaxt dəbdəbəyə, var-dövlətə uymamağı tövsiyə etmişdi. Onların ailə izdivacının saf duyğulara, milli-mənəvi dəyərlərə söykənməsi nəsillərə əsl nümunə olub.

Daha bir məqam da yada düşür. Bakıda Zərifə Əliyevanın adını daşıyan istirahət parkında Ümummilli liderin abidə ilə kövrək, səssiz həsb-halını əks etdirən həzin musiqili videokadrlar hər kəsdə heç vaxt yaddan çıxmayan həzin duyğular yaratmışdı. O kadrlar məhəbbətin, sədaqətin səssiz rapsodiyası idi...

Zərifə Əliyeva ötən əsrin 60-cı illərində bir müddət Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. Təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparıb, elmi tədqiqatları üzərində çalışıb. O, məxsusi olaraq qlaukomanın öyrənilməsi ilə bağlı mühüm elmi nəticələr əldə edib. Sonra Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının dosenti olub. Eyni zamanda, o vaxta qədər çox az tədqiq olunmuş bir mövzunu – görmə patologiyası məsələlərini araşdırıb. Neft-kimya zavodlarında, yod-sənaye müəssisələrində çalışan şəxslərin görmə orqanına təsir edən amillərə xüsusi diqqət yetirib.

Onu da xatırlayıram ki, yaşadığım Sumqayıt şəhərinin veteran kimyaçıları hər zaman hədsiz minnətdarlıq duyğuları ilə Zərifə xanımın tez-tez buradakı Peşə Xəstəlikləri İnstitutuna gəldiyini söyləyirdilər. Onlar akademikin ekoloji problemləri əskik olmayan kimya müəssisələrinin fəhlələrini müayinədən keçirdiyini, hər birinin sağlam olması üçün yorulmaz səylər göstərdiyini, həmçinin sexlərdə laboratoriya şəraitində elmi təcrübələr apardığını yada salırdılar. Beləcə, daim fədakar səylər göstərmiş, qəlbinin istəyi ilə öz həmvətənlərinin qayğısına qalmış, qaranlıqlara nur saçmış humanist bir insanın işıqlı obrazı gözlər önündə canlanırdı.

Zərifə Əliyeva bir çox cərrahiyyə əməliyyatları da aparıb. İllərcə diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirib.

Dərin zəkalı alim çoxillik elmi araşdırmalarının nəticəsi olaraq, kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini və təsnifatını ümumiləşdirən, ciddi elmi nəticələr doğuran “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasını 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edib. Tədqiqat zamanı şin və yod istehsalı sahəsində çalışan yüzlərlə insan üzərində müşahidələr aparıb, sanitar-gigiyenik durumun görmə orqanına mənfi təsirini elmi dəlillərlə sübuta yetirib. Dissertasiya işi bu sahədə ilk fundamental tədqiqatlardan biri olub.

O, 1967-ci ildən atası Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışıb, professor, daha sonra kafedra müdiri vəzifəsinə qədər yüksəlib. 1977-ci ildə onun təşəbbüsü ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilib. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyənib və 2 il sonra Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda həmin laboratoriya təşkil edilib.

“Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hiper-tenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və digər əsərləri akademik Zərifə Əliyevanın tibb elminə sanballı töhfələridir. Alim “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycanda elmin lakrimologiya sahəsinin banisinə çevrilib. Görkəmli alimin “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika” adlanan dəyərli monoqrafiyalarını da qeyd etmək lazımdır.

Zərifə xanım bu gün də həkimlərin masaüstü kitabı olan “Terapevtik oftalmologiya” əsərinin, eləcə də “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasının müəlliflərindən biridir.

Zərifə xanım Əliyeva 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik Mixail Averbax adına Mükafatına layiq görülüb. O, Sovet İttifaqında belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. Görkəmli alim həmçinin 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Bir sıra ictimai vəzifələrin də öhdəsindən bacarıqla gəlib.

Bütün varlığı ilə zəriflik mücəssəməsi olan Zərifə xanımın Ulu öndərlə birlikdə Vətənimiz üçün iki layiqli övlad yetişdirməsi də qürurla anılır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı olaraq dünyada şöhrət qazanmış İlham Əliyev həyat və fəaliyyətindəki uğurlarına görə özünü, ilk növbədə, atası Heydər Əliyevin və anası Zərifə xanım Əliyevanın ruhuna borclu sayır.

Qədirbilən xalqımız da bu unudulmaz şəxsiyyətlərin həmvətəni olması ilə fəxr edir. Təsadüfi deyil ki, şairlərimiz, bəstəkarlarımız, rəssamlarımız əsərlərində Zərifə xanımın işıqlı obrazını sevə-sevə yaradıblar. Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Nəriman Həsənzadə onun haqqında təsirli şeirlər yazıblar. Fikrət Qocanın sözlərinə Sevil Əliyevanın musiqi bəstələdiyi “Ana” mahnısı hər səslənəndə kövrək notları ilə hisslərə, duyğulara hakim kəsilir:

Əziz anam, şirin sözlü anam,Qəlbin kövrək, eşqin solmaz bahar.Gülər üzlü, qara gözlü anam,Hara getsəm, gözün mənə baxar...

Əli NƏCƏFXANLIXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
xalqqazeti.az

2Sources