EN

Bu şəxlər işdən AZAD EDİLƏ bilər

Azərbaycan Respublikasının əmək qanunvericiliyi işçi və işəgötürən arasındakı münasibətləri tənzimləyərkən hər iki tərəfin öhdəliklərini dəqiq müəyyən edir. Son dövrlərdə ən çox rast gəlinən və mübahisə doğuran məqamlardan biri də işçinin üzürsüz səbəbdən iş yerində olmamasıdır. Bir çox işçi elə düşünür ki, cəmi bir gün işə gəlməmək yalnız intizam tənbehi və ya əmək haqqından kəsilmə ilə nəticələnə bilər, lakin Əmək Məcəlləsinin tələbləri bu məsələdə olduqca sərtdir.

Qanunvericiliyə görə, işçinin heç bir üzürlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Bu isə işəgötürənə həmin işçi ilə bağlanan əmək müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ verir. Xüsusilə vurğulanmalıdır ki, burada söhbət yalnız icazəsiz qayiblərdən gedir; qanunla müəyyən edilmiş hallarda, məsələn, xəstəlik və ya ailə üzvlərinin vəfatı kimi fors-major vəziyyətlər istisna təşkil edir. Lakin bu hallar rəsmi sənədlərlə təsdiqlənmədiyi təqdirdə, işəgötürənin atacağı addımlar tamamilə hüquqi zəminə söykənir.

Məsələ ilə bağlı hüquqşünas Natiq Ələsgərov NOCOMMENT.az-a bildirib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürənə geniş səlahiyyətlər verir, lakin bu proses müəyyən prosedur qaydalarına uyğun aparılmalıdır: “Qanunvericilikdə aydın şəkildə qeyd olunur ki, əgər işçi özünün əmək funksiyasını kobud şəkildə pozursa, işəgötürən müqaviləni ləğv edə bilər. 72-ci maddə isə bir tam iş günü işə gəlməməyi məhz həmin ‘kobud pozuntu’ siyahısına daxil edir. Bu o deməkdir ki, işçinin iş yerində bir gün belə üzürsüz səbəbdən olmaması onun karyerası üçün son nöqtə ola bilər. Lakin işəgötürən bu qərarı verməzdən əvvəl mütləq işçidən yazılı izahat tələb etməlidir. İzahat alınmadan və ya hadisənin mahiyyəti araşdırılmadan verilən xitam qərarları gələcəkdə məhkəmə müstəvisində mübahisələndirilə bilər”.

Hüquqşünasın sözlərinə görə, hansı səbəblərin üzürlü hesab edildiyi də qanunla konkretləşdirilib: “İşçinin özünün xəstələnməsi, yaxın qohumunun vəfatı və ya səhhəti ilə bağlı ciddi problemlər üzürlü səbəb sayılır. Amma bu səbəblər hökmən tibbi arayış və ya digər rəsmi sənədlərlə sübuta yetirilməlidir. Əks halda, ‘yuxuya qalmışam’, ‘yolda tıxac var idi’ və ya ‘şəxsi işim çıxmışdı’ kimi bəhanələr hüquqi baxımdan əsassız sayılır. İşəgötürən bu halı aktlaşdırdıqdan sonra dərhal müqaviləyə xitam verə bilər və bu zaman heç bir bildiriş müddəti və ya əlavə kompensasiya ödənilməsi tələb olunmur”.

Natiq Ələsgərov əlavə edib ki, işçilər öz hüquq və vəzifələrini dərindən bilməlidirlər ki, belə xoşagəlməz hallarla qarşılaşmasınlar: “Bəzən işçilər şifahi icazə aldıqlarını iddia edirlər, lakin hüquqi müstəvidə yazılı icazə və ya rəsmi əmr olmadıqda həmin gün üzürsüz sayılır. Biz məsləhət görürük ki, istənilən icazə və ya işə çıxmama zərurəti yazılı qaydada rəsmiləşdirilsin. Unutmaq olmaz ki, əmək kitabçasına bu maddə ilə xitam yazılması işçinin gələcəkdə başqa bir yerdə iş tapmasını da xeyli çətinləşdirir. Bu, sadəcə bir gün işə gəlməmək deyil, peşəkar nüfuza vurulan ciddi zərbədir”.

Tunar,
NOCOMMENT.az

Chosen
19
nocomment.az

1Sources