EN

Pedaqoji istiqamətdə qəbul yerlərinin sayı azaldılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na edilən son dəyişikliklər müəllimlərin işə qəbulu prosesində iştirak edə biləcək ixtisasların çərçivəsini yenidən müəyyənləşdirib. Bakalavriat ixtisaslarının siyahısının genişləndirilməsi nəticəsində qeyri-pedaqoji ixtisas məzunlarının da müəllim kimi fəaliyyət göstərməsinə imkan yaranıb. Bu isə vətəndaşlar tərəfindən narazılıqlara səbəb olub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, pedaqoji istiqamətdə qəbul yerlərinin sayının azaldılması planlaşdırılır və buna əsas olaraq bir neçə səbəb göstərilir.

 

O bildirib ki, doğulan uşaqların sayının əvvəlki illərlə müqayisədə az olması avtomatik olaraq müəllimlik ixtisasına tələbatın az olmasını göstərəcək: “Eyni zamanda artıq müasir texniki aparatlardan, eyni zamanda onlayn vasitələrdən istifadə etməklə daha çox şagirdin bir elektron platforması arxasında təhsilin aparılması mümkün ola bilər. Bəzən yüzlərlə tələbə qoşularaq eyni zamanda bir muəllimin dinləyicisi ola bilərlər. Qeyri-pedaqoji ixtisas məzunlarının da müəllim kimi fəaliyyət göstərməsinə icazə verilməsinin səbəblərindən biri budur ki, məsələn riyaziyyat fakültəsində riyaziyyat və riyaziyyat müəllimliyi ixtisası mövcuddur. Əslində təqribən bunların hər ikisi eyni proqramı öyrənirlər. Bu həmçinin fiziklərə, kimyaçılara və s aiddir. Burada sadəcə pedaqoji yönümlü dərslərin keçirilməsinin azlığını nəzərə alaraq müəllim olmaq ilə bağlı müəyyən çatışmazlıqlar yarana bilər, amma ümumi götürəndə fənni mənimsəməsi ilə bağlı həmin ixtisasçılar daha da yaxşı hazırlıqlı vəziyyətdə olurlar. Gələcək planlarda isə pedaqoji yönümlü ixtisasların sayının azaldılması istiqamətində müzakirələr aparılır”.

 

Ekspert qeyd edib ki, qeyri-pedaqoji ixtisas məzunlarının müəllim kimi fəaliyyətinə universitetin eyni fakültəsinin tərkibində tədris proqramına uyğun icazə verilib: “Əvvəlki illərdə də belə olub. Bir neçə müddətlik ləğv edilmişdi və bu ləğv edilmə nəticəsində həmin ixtisasa qəbul olunanların sayı azalmışdı və bal da aşağı düşmüşdü. Çünki bir çoxları məcburən müəllimlik ixtisasını seçirdilər və digər ixtisasa qəbul sayı azaldı. Ona görə məcburən bu aradan qaldırıldı ki, bərabərlik təmin olunsun”.

 

Şəhanə Quliyeva

Tarix: 15 Aprel 2026, 11:47   
Chosen
19
pravda.az

1Sources