İranın 2026-cı ilin mart ayında Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə endirdiyi zərbələrin pərdəarxası məqamları məlum olub. “Financial Times” nəşrinin apardığı araşdırma nəticəsində üzə çıxıb ki, Tehran bu hücumların koordinasiyasını təmin etmək üçün Çinin “Earth Eye Co” şirkətindən gizli şəkildə “TEE-01B” casus peyki alıb. 0,5 metr yüksək dəqiqlikli təsvir qabiliyyətinə malik olan bu peyk vasitəsilə ABŞ-ın bölgədəki strateji nöqtələri addım-addım izlənilib.
NOCOMMENT.az xəbər verir ki, 2024-cü ilin iyununda “Szyuquan” kosmodromundan orbitə buraxılan peyk Çinin “Emposat” şirkəti vasitəsilə birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələri tərəfindən idarə olunub. Casus qurğusu vasitəsilə ABŞ-ın Səudiyyə Ərəbistanı, İordaniya və Küveytdəki aviabazaları, həmçinin Bəhreyndə yerləşən Beşinci Donanmasının obyektləri barədə kəşfiyyat məlumatları toplanıb.
Məlumata görə, bu gizli sövdələşmənin dəyəri 36,6 milyon dollar təşkil edib. Araşdırma ilə bağlı rəsmi Pekin və adıçəkilən Çin şirkətləri hələlik heç bir açıqlama verməyib. Bu fakt İranın hərbi arsenalının kosmik imkanlarla genişlənməsini və Qərbə qarşı mübarizədə Çin texnologiyalarından aktiv istifadəsini bir daha təsdiqləyir.
Sara,
NOCOMMENT.az