Bakı.TurkicWorld:
Azərbaycanda mis, qızıl və gümüş hasilatı üzrə ixtisaslaşmış "Anglo Asian Mining plc" 2026-cı ilin birinci rübündə mis istehsalında əhəmiyyətli artım qeydə alıb.
TurkicWorld xəbər verir ki, mis hasilatının ümumi həcmi 3 711 ton təşkil edib ki, bu da 2025-ci ilin eyni dövründəki 534 ton göstəricisini xeyli üstələyir.
Artım iki əsas aktiv hesabına təmin olunub. "Gədəbəy" yatağında flotasiyanın və SART texnologiyasının tətbiqi ilə 1 462 ton mis hasil edilib, "Dəmirli" yatağı isə flotasiyadan istifadə etməklə əlavə 2 249 ton mis verib.
Nəticələri şərh edən baş icraçı direktor Reza Vəziri şirkətin əldə etdiyi irəliləyişdən və rüb üzrə nəticələrdən məmnun olduğunu bildirib, "Gədəbəy" və "Dəmirli" yataqlarında yüksək hasilat göstəricilərini xüsusi vurğulayıb.
" "Gədəbəy" və "Dəmirli" yataqlarında mis hasilatı üzrə əla nəticələr mis istehsalını sürətlə artırmaq və mis yönümlü orta səviyyəli çoxprofilli şirkətə çevrilmək istiqamətində aydın strategiyamızın uğurla həyata keçirildiyini nümayiş etdirir", - deyə o bildirib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yekunlarına əsasən şirkət ümumilikdə 7 915 ton mis istehsal edib.
Şirkətin strateji inkişaf planı 2030-cu ilədək orta səviyyəli, çoxprofilli mis və qızıl istehsalçısına çevrilməni nəzərdə tutan aydın müəyyən edilmiş transformasiya yolunu ehtiva edir. Həmin müddətə kimi misin şirkətin əsas məhsuluna çevriləcəyi və illik hasilatın 50–55 min ton səviyyəsində olacağı gözlənilir.
Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzində yeni üç yatağın — "Xarxar", "Qaradağ" və "Zəfər" — istismara verilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyə verilmiş "Gilar" və "Dəmirli" yataqlarına əlavə olunacaq.
"Gilar" yatağında hasilata 2025-ci ilin mayında, "Dəmirli" yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.
Nəticələri şərh edən baş icraçı direktor Rza Vaziri şirkətin əldə etdiyi irəliləyişdən və rüb üzrə nəticələrdən məmnun olduğunu bildirib, "Gədəbəy" və "Dəmirli" yataqlarında yüksək hasilat göstəricilərini xüsusi vurğulayıb.