EN

Şərif ABŞ-İran danışıqları üçün bölgəyə gedir

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ ilə İran arasında planlaşdırılan ikinci mərhələ danışıqları fonunda diplomatik tur çərçivəsində Türkiyə, Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.

VAXT.AZ xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu gün (aprelin 15) başlayacaq səfərlər ayın 18-dək davam edəcək. Bildirilir ki, görüşlər əsasən ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Yaxın Şərqdə mövcud vəziyyətə həsr olunacaq.

Məlumata əsasən, Şahbaz Şərif ilk olaraq Səudiyyə Ərəbistanı və Qətər liderləri ilə görüşərək regional əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Səfər çərçivəsində Pakistan Baş nazirinin Türkiyəyə də gələcəyi və burada keçiriləcək Antalya Diplomatiya Forumunda iştirak edəcəyi gözlənilir. Bildirilir ki, forum çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər ölkə liderləri ilə görüşləri planlaşdırılır.

Qeyd olunur ki, bu diplomatik təmaslar 21 aprel tarixində başa çatacaq müvəqqəti atəşkəs müddəti ərəfəsində ABŞ ilə İran arasında ikinci mərhələ danışıqlarına zəmin yaratmağa yönəlib.

Məlumata görə, “Gələcəyi qurarkən qeyri-müəyyənliklərlə mübarizə” şüarı ilə təşkil ediləcək 5-ci Antalya Diplomatiya Forumu 17–19 apreldə baş tutacaq.

Chosen
37
vaxt.az

1Sources