EN

Səhiyyədə yeni mərhələ: Yeni qurumun rolu nə olacaq?

Azərbaycanda səhiyyə sahəsində növbəti islahat mərhələsi başlayıb. Prezident İlham Əliyevin martın 19-da təsdiqlədiyi yeni fərman icbari tibbi sığorta sistemində idarəetmənin daha effektiv qurulmasına yönəlmiş mühüm addım kimi dəyərləndirilir. Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vahid qurumda birləşdirilərək Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi formalaşdırılıb. Yeni yaradılan struktur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə daxil edilib. Bu dəyişiklik idarəetmə yanaşmasında yenilənməni göstərməklə yanaşı, səhiyyə və sosial müdafiə sahələri arasında daha sıx əlaqənin qurulmasına, xidmətlərin vahid və səmərəli mexanizm əsasında təşkilinə şərait yaratmağı qarşıya məqsəd qoyur.


Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a açıqlamasında bildirib ki, xoş qarşılanan bu yeniliklər, şübhəsiz ki, müsbət qiymətləndirilməli və düzgün istiqamətdə atılmış addımlar kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, icbari tibbi sığorta sistemi ilə tibbi xidmətləri birbaşa həyata keçirən qurumların ayrı fəaliyyət göstərməsi daha məqsədəuyğundur: “Çünki sığorta qurumu əsasən maliyyələşdirmə funksiyasını yerinə yetirir, yəni tibbi xidmətlərin ödənişini həyata keçirir, xidmətlərin icrası isə başqa qurumların məsuliyyətində olur. Bu iki funksiyanın eyni struktur daxilində birləşdirilməsi nəzarət mexanizmlərinin zəifləməsinə səbəb ola bilər.

Məhz bu səbəbdən onların ayrı fəaliyyət göstərməsi daha effektiv nəzarət imkanları yaradır. İcbari tibbi sığorta qurumu hansı xidmətlərə və nə məqsədlə vəsait ayırdığını daha dəqiq izləyə, xərclərin istiqamətini şəffaf şəkildə nəzarətdə saxlaya bilir. Bu isə mümkün neqativ halların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, bu qurumun sosial müdafiə sistemi ilə inteqrasiyası da mühüm üstünlüklər yaradır. Əmək qabiliyyətinin itirilməsi, əlillik, pensiya təminatı və digər sosial xidmətlər kimi məsələlər sosial müdafiə strukturlarının əsas fəaliyyət sahəsinə daxildir. Bu baxımdan, icbari tibbi sığorta mexanizminin həmin sistemlə əlaqəli şəkildə işləməsi vətəndaşlara daha operativ və məqsədyönlü xidmət göstərilməsinə şərait yaradır”.

Zülfüqar.jpg


Həkimin sözlərinə görə, idarəetmədə təcrübəli və bu sahəni yaxşı bilən şəxslərin prosesə cəlb olunması sistemin daha çevik və şəffaf fəaliyyətinə töhfə verə bilər: “Əsas hədəf isə tibbi xidmətlərin keyfiyyətinin artırılması, müasir texnologiyalar əsasında yenilənməsi və vətəndaşlar üçün əlçatanlığının təmin olunmasıdır. Bu məqsədə çatmaq üçün qurumlar arasında həm təkmilləşmə, həm də qarşılıqlı inteqrasiya vacibdir.


Bununla yanaşı, bütün bu proseslərin ümumi koordinasiyası və istiqamətləndirilməsi səhiyyə sahəsinə cavabdeh mərkəzi qurum tərəfindən həyata keçirilməlidir. Bu, müxtəlif strukturlar arasında həm nəzarətin, həm də əməkdaşlığın gücləndirilməsinə xidmət edir və nəticə etibarilə vətəndaşların maraqlarına uyğun daha səmərəli sistemin formalaşmasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, səhiyyə sistemi daim yenilənməli və inkişaf etməlidir. Bu, bütün dünyada müşahidə olunan bir tendensiyadır. Müasir dövrdə süni intellektin və robotik texnologiyaların səhiyyəyə tətbiqi yeni imkanlar açır. Bu yeniliklər fonunda vahid elektron sağlamlıq kartı kimi alətlərin tətbiqi vətəndaşlara göstərilən xidmətlərin daha şəffaf və izlənilə bilən olmasına imkan yaradır.


Ümumilikdə, aparılan islahatların nəticələrinin yaxın gələcəkdə öz müsbət təsirini göstərəcəyi gözlənilir. Bu proseslər müvafiq qurumlar tərəfindən davamlı şəkildə izlənəcək və təkmilləşdiriləcək. Bütün bunlar isə nəticə etibarilə vətəndaşların rifahının yüksəldilməsinə xidmət edəcək”.


Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. İclasda Prezidentin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in icraçı direktoru təyin edilib. O, Prezidentin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilmişdi.


Şahanə Rəhimli
Musavat.com

Chosen
8
musavat.com

1Sources