"Ziraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 5.571 milyon manat xalis mənfəətlə başa vurub.
Far.Az report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56% çoxdur.
Yanvar-mart aylarında "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 31.166 milyon manat (keçən ilə nisbətən 64.5% çox), əməliyyat xərcləri 20.615 milyon manat (60.2% çox), xüsusi ehtiyatlara ayırmaları 3.687 milyon manat (iki dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1.335 milyon manat (96.9% çox) təşkil edib.
Bu il aprelin 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 442.705 milyon manat olub ki, bu da illik müqayisədə 58.7% çoxdur. Bunun 756.663 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son bir ildə bankın kredit portfeli 34% böyüyüb.
İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 2.3 dəfə artaraq 128.086 milyon manata çatıb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 65.3% artaraq 1 milyard 274.983 milyon manata, o cümlədən depozit portfeli 50% artaraq 706.774 milyon manata, balans kapitalı isə 21.6% artaraq 167.723 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin "Ziraat Bank"ına, 0.01%-i "Zıraat Sıgorta" şirkətinə, 0.01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.