EN

Aİ G7 ölkələrini Ukraynaya 45 milyard avro kreditin erkən verilməsinə çağırır

Avropa İttifaqı Qərb tərəfdaşlarını Ukraynaya 45 milyard avro həcmində kreditin əvvəlcədən ayrılmasına çağırır. Məqsəd Kiyevin maliyyə vəziyyətini Avropanın daha geniş maliyyə proqramı çərçivəsində vəsaitlərin tam ayrılmasına qədər sabitləşdirməkdir. 

HİT.az xəbər verir ki, bu barədə “Euractiv” mənbələrə istinadən yazır.

Məlumata görə, Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis bu həftə Vaşinqtona səfəri zamanı ABŞ, Yaponiya və Böyük Britaniyanın maliyyə nazirləri ilə görüşlərdə G7 çərçivəsində ödənişlərin sürətləndirilməsini müzakirə edəcək.

Söhbət “Extraordinary Revenue Acceleration” (ERA) adlı kredit proqramından gedir. Bu proqram 2024-cü ildə G7 ölkələri tərəfindən razılaşdırılıb və Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlər hesabına maliyyələşdirilir. Aktivlər Brüsseldə yerləşən “Euroclear” depozitarında saxlanılır.

Avropa İttifaqı artıq öz payı olan 18,1 milyard avronu tam şəkildə köçürüb. Lakin Böyük Britaniya, ABŞ və Yaponiyaya aid təxminən 7 milyard avro hələ də ödənilməyib.

Dombrovskisin bu həftə MFW və Dünya Bankı iclaslarında iştirak etdiyi və ABŞ maliyyə naziri Skott Bessent, eləcə də Ukraynanın maliyyə naziri Serhiy Marçenko ilə görüşlərinin planlaşdırıldığı bildirilir.

Eyni zamanda, Avropa daxilində siyasi maneələr də qalmaqdadır. Məlumata görə, Macarıstanın keçmiş baş naziri Viktor Orban Ukraynaya 90 milyard avroluq faizsiz kreditin ayrılmasına veto qoyub. Lakin ölkədə keçirilən son seçkilərdə qalib gələn Peter Madyarın bu vetonu ləğv edəcəyi gözlənilir.

Bununla belə, Avropa rəsmiləri xəbərdarlıq edir ki, prosedur və siyasi razılaşmaların gecikməsi səbəbilə kredit yalnız mayın əvvəlində açıla bilər. Proqnozlara görə, Ukrayna dövlət xərclərində maliyyə çatışmazlığı ilə iyul ayının ortalarında üzləşə bilər.

Avropa Komissiyasının hesablamalarına əsasən, 2026–2027-ci illərdə Ukraynanın ümumi maliyyə ehtiyacı təxminən 135 milyard avro təşkil edir. Hazırda bu məbləğin yalnız 15 milyard avrosu beynəlxalq tərəfdaşlar tərəfindən təmin olunub.

Samir

Chosen
8
hit.az

1Sources