Azərbaycanda aprelin 16-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Hafta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.