EN

“Səhiyyədə institusional dəyişikliklər: şəffaf, hesabatlı sistemi qurulur”

BAKI, 15 aprel. TELEQRAF

"Ölkəmizdə səhiyyə sistemində başlanan yeni islahat mərhələsi dövlətin sosial siyasətinin mahiyyətini daha aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində səhiyyə sahəsi xidmət göstərən qurum olmaqla yanaşı, vətəndaş məmnunluğunu və insan sağlamlığını mərkəzə qoyan çevik və effektiv idarəetmə modelinə çevrilməkdədir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri və diqqəti səhiyyə infrastrukturunun müasirləşdirilməsində mühüm rol oynayıb".

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, dövlət başçısının 2026-cı il 19 mart tarixli Fərmanı sözügedən sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır:
“İcbari tibbi sığorta sisteminin idarə olunmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, eyni zamanda yeni Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yaradılması idarəetmədə bölünmənin aradan qaldırılmasına, daha səmərəli və koordinasiyalı fəaliyyətin təmin olunmasına xidmət edir. Bu modelin tətbiqi heç də təsadüfi deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, səhiyyə və sosial müdafiə sistemlərinin inteqrasiyası daha dayanıqlı və nəticəyönümlü mexanizmlər yaradır”.

Deputat bildirib ki, yeni yanaşma ilə maliyyələşdirmə və xidmət göstərilməsi funksiyalarının ayrılması şəffaflığı artıracaq, icbari tibbi sığorta fondunun vəsaitlərindən daha səmərəli istifadə olunmasına imkan verəcək:

“Tibbi xidmətlər daha əlçatan, operativ və keyfiyyətli olacaq. Eyni zamanda, TƏBİB-in səlahiyyətlərinin genişləndirilməsi onun səhiyyə sistemində önəmli icraçı qurum kimi rolunu daha da gücləndirir. Dərman və tibbi vasitələrlə təminat funksiyasının da bu quruma verilməsi müalicə prosesindəki çətinliklərin qarşısını alacaq, xidmətlərin vahid mərkəzdən və fasiləsiz şəkildə idarə olunmasına şərait yaradacaq.

Aparılan institusional dəyişikliklərin məqsədi vətəndaşa yönəlmiş, şəffaf, hesabatlı və nəticə verən səhiyyə sistemi qurmaqdır. İslahatlar eyni zamanda cəmiyyətdə icbari tibbi sığortaya olan etimadı artıracaq, insanların bu sistemdə iştirakını stimullaşdıracaq.

Əminliklə demək olar ki, həyata keçirilən bütün bu addımlar Azərbaycanın səhiyyə sistemini yeni keyfiyyət mərhələsinə daşıyır və ölkəmizdə insan sağlamlığının qorunması istiqamətində uzunmüddətli, dayanıqlı inkişafın əsasını möhkəmləndirir”.

Chosen
6
teleqraf.com

1Sources