Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıdan gələn IV Antalya Diplomatiya Forumunda (ADF2026) iştirakını təsdiqləyib.
Aznews.az xəbər verir ki, bu barədə Tokayev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşündə bildirib.
Tokayev regionda sabitliyin təmin edilməsində Türkiyənin rolunu yüksək qiymətləndirib və qarşıdan gələn Antalya forumunda iştirakını təsdiqləyib.
Görüş zamanı tərəflər həmçinin sənaye, energetika, logistika, aqrosənaye kompleksi, təhsil və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirib, eləcə də Yaxın Şərqdəki vəziyyət daxil olmaqla cari beynəlxalq gündəliyi müzakirə ediblər.
Qeyd edək ki, ADF2026 aprelin 17-19-u Türkiyədə keçiriləcək.
Türkiyə mediasının məlumatına görə, bu il ADF2026 forumunda iştirak etmək üçün 150-dən çox ölkədən nümayəndə heyətləri gələcək. İştirakçılar arasında 20-dən çox dövlət və hökumət başçısının, 15-ə yaxın vitse-prezidentin, eləcə də əksəriyyəti xarici işlər idarələrinə rəhbərlik edən 50-dən çox nazirin olduğu bildirilir. Ümumilikdə forum beynəlxalq təşkilatların rəhbərləri də daxil olmaqla beş minə yaxın qonağı qəbul edəcək.
ADF2026 çərçivəsində 40-dan çox müxtəlif tədbir və sessiya planlaşdırılıb. Müzakirələr təkcə siyasi və regional məsələlərə deyil, həm də qlobal transformasiyanın iqtisadi, ekoloji və texnoloji aspektlərinə toxunacaq.