EN

Əməkdar memar: WUF13 yeni biliklərin və innovativ yanaşmaların ölkəmizə gətirilməsinə xidmət edəcək

Bakı, 15 aprel, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) şəhərsalma və davamlı inkişaf sahəsində Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək mühüm platformadır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar memar Nərgiz Abdullayeva bildirib.

O deyib ki, bu forum yalnız qlobal müzakirə meydanı deyil, həm də ölkələrin şəhərsalma təcrübələrini paylaşdığı, yeni yanaşmaların formalaşdığı strateji əməkdaşlıq mühitidir. WUF13 şəhərlərin gələcəyinə dair baxışların formalaşdığı, innovativ yanaşmaların və davamlı inkişaf modellərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir. Azərbaycanın bu foruma ev sahibliyi etməsi ölkəmizin şəhərsalma və memarlıq sahəsində qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, WUF13 Azərbaycanın yalnız regional deyil, qlobal şəhərsalma gündəliyində fəal iştirak edən ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək. Bu forum Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübəni dünyaya təqdim etməklə yanaşı, eyni zamanda, yeni biliklərin və innovativ yanaşmaların ölkəmizə gətirilməsinə xidmət edəcək.

Nərgiz Abdullayevanın sözlərinə görə, AzMİU bu prosesdə aktiv iştirak edən əsas akademik mərkəzlərdən biridir: “AzMİU uzun illərdir ki, beynəlxalq akademik mühitlə sıx əməkdaşlıq edir, dünyanın aparıcı universitetləri və tədqiqat mərkəzləri ilə birgə layihələr həyata keçirir. Universitetdə tətbiq olunan tədris proqramları, xüsusilə memarlıq və şəhərsalma sahəsində beynəlxalq standartlara uyğun şəkildə qurulub və bu istiqamətdə müasir yanaşmaların ölkəmizdə tətbiqinə xidmət edir. Bu forum, həmçinin universitetin beynəlxalq əlaqələrinin daha da genişlənməsi, yeni tərəfdaşlıqların qurulması və təhsil ocağının qlobal akademik şəbəkələrdə mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, tələbə və gənc tədqiqatçılar üçün beynəlxalq təcrübə mübadiləsi imkanları yaranır”.

Əməkdar memar vurğulayıb ki, müasir şəhərsalma yalnız fiziki mühitin təşkili deyil, həm də sosial, ekoloji və mühəndis amillərin kompleks inteqrasiyasını tələb edir: “Bugünkü şəhərlər iqlim dəyişiklikləri, urbanizasiya və resursların səmərəli istifadəsi kimi çağırışlarla üz-üzədir. Bu baxımdan, şəhərsalma qərarları yalnız memarlıq baxımından deyil, həm də mühəndis kommunikasiya sistemləri, su ehtiyatlarının idarəolunması və nəqliyyat infrastrukturu ilə uzlaşdırılmalıdır. Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirilən layihələr müasir şəhərsalma prinsiplərinə əsaslanır. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmalar bu ərazilərin gələcəyin şəhər modellərinə uyğun şəkildə inkişaf etdirildiyini göstərir.”

Müxbir - Günel Türksoy

Chosen
23
1
azertag.az

2Sources