(Yazıçı Fazil Sənanın "Unudulmaq qorxusu" romanı haqqında düşüncələr)
İnsan zamanın və yaşadığı cəmiyyətin şah əsəridir. O, zamana bənzəyir, yaşadığı cəmiyyətə oxşayır. Allah ən mükəmməl əsəri olan insanı, insan isə özünə bənzəyən əsərini və əsərlərini yaradır. Hər bir bədii əsər öz müəllifinə bənzəyir. Onun dünyagörüşünü və həyat yolunu əks etdirir.
... Bu günlərdə qələm dostum İmam Cəmillinin kitabxanasında müasir Azərbaycan yazıçısı Fazil Sənanın "Unudulmaq qorxusu" romanını gördüm. Kitabın adı diqqətimi çəkdi. Şakərimə uyğun olaraq əsərin sonuncu abzasına baxdım.
Əsər bu abzasla bitirdi: ..."Asim Şəhlaya tərəf əyildi. Şəhla solğun və gücsüz əlləri ilə Asimi özünə tərəf sıxaraq, dodaqlarından öpdü və: - Bu, mənim səninlə əlvidam olsun. Elə bilirəm ki, bu öpüşüm həmişəlik sənin yaddaşında qalmaqla bərabər, məni unudulmağa qoymayacaq. - dedi və gözünün yaşını sildi.
Gecəyarı Yağmur zəng etdi ki, anam dünyasını dəyişdi.
Kitabın annotasiyasında yazılmışdı: "Yazıçı Fazil Sənanın "Unudulmaq qorxusu romanı böyük bir zaman kəsiyində (1970-2020-ci illər) Azərbaycanda baş verən hadisələr fonunda bir ziyalının - Asim Kərimovun taleyindən bəhs edir..."
"Yaxşı yazıçının yaxşı da oxucusu olmalıdır" devizimə adiq qalaraq əsəri oxumağa başladım. Əsər bu cümlələrlə başlayır: "Sağa dönən yola buruldu. Dəhlizdən keçib, açıq qoyulmuş qapını tıqqıldatdı:
-Olar?
Şəhla səsə başını qaldırıb qapıya baxdı...
Deməli, ilk adı çəkilən də, son sözü deyən Şəhladır.
Əsər iyirminci əsrin son qərinəsində və əsrimizin ilk iyirmi ilində, daha doğrusu yarım əsrlik zaman müstəvisində cərəyan edən hadisələrdən bəhs edir. Ədəbiyyatda xalqın həyatında böyük tarixi və ictimai əhəmiyyət kəsb edən hadisələri əks etdirən genişmiqyaslı, monumental belə epik əsərlər epopeya adlanır. Adətən bu janrda bütöv bir dövrün mənzərəsi, çoxsaylı personajlar və mürəkkəb süjet xətləri geniş təsvir olunur. Bu baxımdan Fazil Sənanın "Unudulmaq qorxusu" romanı da epopeya həcminə, tutumuna və süjet xəttinin zənginliyinə malikdir.
Romanın dili sadə, axıcıdır. Qəliz bədii təsvir vasitələrindən, əndrabədi cümlə və söz birləşmələrindən istifadə olunmamışdır. Əsərdəki personajlar, sanki hamımızın tanıdığı şəxslərdir və bizimlə bir qarabağlı kimi danışırlar.
Ötən əsrin yetmişinci illərində ali məktəblərə qəbul mexanizmi Fazil Sənan qələmi ilə ən xırda incəliklərinə qədər təsvir olunur. Elə hadisələrin dramaturgiyası kitabın ilk abzaslarından bir gəncin ali məktəbin ilk pilləsi olan abituriyent kimi yaşayış yerindən alacağı arayışla başlayır. Müəllif oxucunu ötən əsrin yetmişinci illərinin qəbul imtahanları dövrünə səyahətə aparır. Orta və yaşlı nəslin nümayəndələrinin gözləri önünə özlərinin keçdiyi şərəfli yollar gəlir. Onların çoxları təqaüddə olsalar da dörd fəndən verdikləri qəbul imtahanlarında verdikləri cavabları və professorlarla aralarında olan dialoqları bu gün də fərəhlə danışmaqdan doymurlar.
Müəllif əsər boyu o dövrün yollarını, küçələrini, yeməkxanalarını, bulaq başının xudmanı aşıq məclislərini, hətta nəqliyyat vasitələrini nostalji hisslərlə təsvir edir. "RAF", "Jiquli", "Volqa" avtomobilləri, "EM" motosikleti kimi dövrünün ən nüfuzlu nəqliyyat texnikalarının adlarının xatırlanması oxucunu həmin dövrə aparır. Ümumiyyətlə, Fazil Sənan əsər boyu bədii təsvir vasitələrindən çox ustalıqla və məhdud dərəcədə istifadə etsə də dövr haqqında zəngin təsəvvür yaratmağa nail olub.
Romanda o dövrün idarəetmə, hakimiyyət və inzibati orqanları, onların fəaliyyət mexanizmi pasport və hərbi komissarlıq qeydiyyatları timsalında göz önünə gətirilir. Həssas oxucu həmin orqanların iş prinsipini bu günlə müqayisə etməklə yanaşı Sovet rejimin xarakterik xüsusiyyətlərini təsəvvüründə canlandırır. Kənd soveti, kolxoz idarə heyəti, rayon icraiyyə komitəsi, rayon partiya komitəsi, respublika və ali mərkəzi komitələri haqqında, onların iş prinsipi barədə təsəvvür verilir. El adət və ənənələrinə güzgü tutulur. Oxucuya elə gəlir ki, hadisələr onun kəndində baş verir.
Müəllif insan psixologiyasının mahir bilicisi kimi psixoloji məqamlarda sevən gənclərin keçirdiyi hissləri özünəməxsus şəkildə təsvir edir.
"...- Başınız nəyə qarışmışdı? Xeyir idimi? - deyən Şəhla əlində saxladığı oğlanın əlindən içinə yayılan anlaşılmaz duyğuların təsiri ilə hisslərini bir təhər cilovlayaraq cavab intizarında üzüldü..."
Fazil Sənan romanda epizodlarını qəhrəmanlarının dili ilə el deyimləri, atalar sözləri, zərbi məsəllərlə bəzəməklə axıcı və oxunaqlı libasda təqdim edir: "Qaynanan səni çox istəyir"; "Qız evində toydur, oğlan evinin xəbəri yoxdur"; "Qız ağacı, qoz ağacı. Hər gələn bir daş atar"; "Küçə iti həmişə qəssabdan pay umar"; "Ölərəm, Mixaylo adı ilə ölərəm..."; "Bəy namusuma and içirəm ki, uduzduğum pulları indi gətirərəm"; "İt özünü mundar bilməz. Bilsə qaba dəyməz"; "Yol-yolağa"; "Pambıqla baş kəsmək"; "Səndən oğul dağı getməz, məndən quyruq yarası"; "Ağnağız eləmək"; "Bax burada Kərəmi ağlamaq tutur"; "İndi gəl burda koru körpüdən keçir...";"Körpüdə qoyunumu böləcək?.." və s.
Böyük rus yazıçısı Lev Tolstoy bunu obrazlı şəkildə belə ifadə edir: "Yazıçı həyatda yaxşı nə varsa götürür və öz əsərinə daxil edir."
Əsərdə digər tanınmış əsərlərdən iqtibaslar verilməklə epizodlar daha dolğun və inandırıcı çalarlarla təqdim edilir. Məsələn, müəllif rus yazıçısı Maksim Qorkinin "Şahin nəğməsi" əsərindən Qartalla koramalın dialoqunu daxil etməklə ötən əsr gənclərinin xəyallarını şagirdlik illərinə daşımaqla, eyni zamanda sürünmək üçün yarananların uça bilmək bacarığının olmadığını xatırlatmaqla fikirlərini daha da dolğunlaşdırır.
Əsərdə sovet milisi, kommunist partiyası, raykom, büro, partkom, partbilet, komsomol, üzvlük haqqı, "antipod", "pripiska", "anonim məktub", poçtalyon... o dövrün idarəetmə mexanizmi, həmçinin aşağıdan yuxarıya demokratik mərkəziyyət mexanizmi ən xırda çalarlarına qədər təsvir edilərək ciddi qüsurlarının göstərilməsi məqsədi güdülür. Məktəb həyatının müqəddəs bir sentyabr və tədris ilinin birinci rübünün pambıq yığımında keçirilməsi isə insan istismarı və uşaq əməyindən istifadə kimi təsvir olunur. Həmin dövrdə, hətta ali məktəb tələbələrinin də pambıq yığımına cəlb olunması o zamanın təhsili haqqında təsəvvür yaranması məqsədini ifadə edir. Pambıq yığımı dövründə müəllim -şagird - kolxoz rəhbərliyi münasibətləri bədii boyalarla qələmə alınmışdır.
O dövrün - "yoldaş briqadir", "yoldaş sədr", "yoldaş katib", "yoldaş Kərimova", yoldaş Səfərli" və başqa bu kimi müraciət forması tabeçilik əlaməti kimi təqdim olunur.
Müəllif məcazi mənada "Ağ qızıl" adlandırılan pambığı, hətta dövlət adamları tərəfindən "Ölüm mələyi" adlandırmaqlarını sətialtı şəkildə qeyd etməklə o dövrüm müstəmləkə sisteminin əlamətləri haqqında təsəvvür yaratmağa nail olmuşdur.
Yazıçı elmi-texniki tərəqqinin bu günkü inkişafı ilə müqayisədə sadə görünən texnika və cihazlar haqqında da danışmağı diqqətdə saxlamışdır. Hətta müəllimin evində telefon yoxdur. Onun evinə telefon xəttinin çəkilməsi üçün rayon rəhbərliyinin razılığı lazım olmuşdur.
- Evdə telefon yoxdur?
- Yox. Telefon çəkdirmək çətin məsələdi...
Rəhbərliyin istifadə etdiyi ən mükəmməl rabitə olan simli telefon, mobil rabitə olan ratsiya, mətbuat orqanı olan qəzet, qəzet müxbiri və məqaləsi o dövrdə istifadə olunan terminlər kimi yada salınır.
Əsərdə diqqət çəkən məqamlardan biri də İkinci Dünya Müharibəsi qəhrəmanları İsrafil Məmmədovun, Qafur Məmmədovun, Gəray Əsədovun, Mehdi Hüseynzadənin adının çəkilməsi ilə Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş el igidlərinə diqqət yönəldir. Bu arada müstəqilliyimizin əldə olunmasına və Qarabağ müharibələrinin qəhrəmanlarına aid bədii əsərlərin sayının çox olması arzumu ifadə olunur.
Müəllif əsərin əhatə etdiyi dövrdə ölkədə gedən nəhəng tikinti işlərin də diqqətdən kənarda qoymur. Baykal-Amur Magistralı (BAM) çəkilişində işləmək və "Qızıl Ordu" sıralarına getmək üçün əsərin qəhrəmanı Asimin Moskva rəhbərliyinə göndərdiyi ərizənin verdiyi rezonans müzakirələrə səbəb olur.
Sovet İttifaqının dağılması səbəbləri Fazil Sənan qələmi ilə məntiqi şəkildə təsvir olunub.
"Asim kinayə ilə Könülü süzdü.
-Asim, bütün SSRİ məkanı bu gündədir. Moskvada əyləşənlər bilmirlər ki, yüz qoyun yüz əlli bala verə bilməz, bir mexanizator bir mövsümdə maşınla min ton pambıq yığa bilməz? Pambıqyığan maşını istehsal edən zavodun mühəndisi deyir ki, bir pambıqyığan maşın bir mövsümdə ən çoxu yüz əlli ton pambıq yığa bilər. Pambıqyığan maşının bir mövsümdə min ton pambıq yığması heç cür ağıla sığan iş deyil...
Bilirsən, Asim, özümüz-özümüzü aldatmaqla uçurumun kənarına yaxınlaşmışıq. Az bir vaxtda görəcəksən ki, SSRİ adlı dövlət çökdü, çünki, İstehsal yoxdur, hər şey kağız üzərindədir.
Sovet məkanında təhsil sistemində baş verən pozğunluqlar da müəllif diqqətindən kənarda qalmır. Uşaq əməyinin istismarından əlavə təhsildən kənarda qalma halları da əsərdə qeyd olunan problemlərdən biri kimi öz əksini tapmışdır.
Erməni-azərbaycanlı dostluğunda erməni məkrinin nişanələri də Fazil Sənan diqqətindən kənarda qalmır. Yazıçı Anuş simasında Fikrətə qarşı saxta məhəbbəti və cazibədarlığı, qohumlarının "isti münasibətləri" haqqında söz açır.
Müəllifin yolların təsvirində oxucu özünün həmin məkanda hiss edir, gözləri önündə Azərbaycanın o zamankı bütöv xəritəsi canlanır. Əsərdə Şuşa, Ağdam, Bakı və digər şəhərlərimizin və yaşayış məntəqələrimizin adlarının çəkilməsi isə oxucu qəlbini ehtizasa gətirir.
Marşrutların adı çəkiləndə adam özünün yollarda hiss edir. Ağdamdan keçməklə Şuşaya getmək, Bakı -Naxçıvan qatarında yola çıxmaq "...səhərin ala-toranlığında avtobusa minib rayona, ordan da taksi ilə kəndlərinə yola düşmək..." hadisələrin cərəyan etdiyi məkanın yerini dəqiqliklə nişan verir.
Yazıçı əsərin qəhrəmanı Asimin şagirdlikdən Ali Partiya Məktəbinə, komsomol sıralarından mərkəzi komitəyə qədər keçilmiş yolu incəliklərinə qədər təsvir etməklə o dövrün tədris və hakimiyyət pillələri haqqında dəqiq təsəvvür yaradır.
Fazil Sənan qələmində iki şəxs arasında yaranan və yaşayan məhəbbət vətən məhəbbəti fonunda ustalıqla təsvir, təqdir və təqdim edilir.
Ümumiyyətlə, məhəbbət yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların rejissorların ən çox müraciət etdiyi mövzudur. Ən dramatik romanın, kinofilmin süjet xəttinin bəzəyi məhəbbət epizodlarıdır. Ən faciəvi həyatın, ən kesməkesli ömür yolunun dörd yolunda məhəbbət dayanır. Elə bir nəğmə yoxdur ki, məhəbbət notları üstündə köklənməsin. Məhəbbət canlıların həyat məcunudur. Məhəbbət nəsillərdən nəsillərə ötürü-lür, cilalanır, formalaşır, kamilləşir, təşəkkül tapır.
Əsərdə süjetin inkişafı Könülün və Şəhlanın Asimə qarşı saf məhəbbəti leytmotiv kimi keçsə də bu məhəbbətlər dövrün vəzifə qadağalarının maneə olması səbəbindən baş tutmaması xüsusi olaraq vurğulanmaqla təsvir olunur. Nəticədə bu müqəddəs hisslər ürəklərdə dəfn olunur. Asim isə ailəsinin təkidi ilə, uzaq qohumlarının bələdçiliyi ilə digər bölgədən olan bir simsarlarının qızı ilə evləndirilir.
Fazil Sənan bu izdivacı ilk məqamlarından sonadək olduğu kimi təsvir etməklə o dövrün toy adətlərini göz önünə gətirir. Elçilik və nişan mərasimlərinin, toy sövdələşməsinin, qız və oğlan toy mərasimlərinin, hətta "ciyər axşamı" və digər ənənələrin ön planda təqdim olunması əsərin məziyyətlərini daha da artırır ona millilik çalarları bəxş edir.
Mən janrından asılı olmayaraq elə bir əsər tanımıram ki, onda əxlaqa, əxlaq normalarına önəm veril-məsin. Ümumiyyətlə, hər bir bədii əsər müəllifinin dünyagörüşündən, intellektual səviyyəsindən, yaradıcı-lıq üslubundan asılı olmayaraq ilk növbədə onun əxlaqını büruzə verir. Bəzən yaradıcı adamlar əxlaq qay-dalarını pərdə arxasında saxlasalar da əxlaq əsərin əsas mayasını təskil edir.
Fazil Sənan yaradıcılığının mayasını da milli mentalitet, adət və ənənələrimizə hörmət və sayğı ilə yanaşmaq təşkil edir. Müəllif ailə daxilində etik qaydaları "Haşiyə" şəklində belə təqdim edir: "... Təxminən XX yüz illiyin sonuna kimi Azərbaycanın bir çox bölgələrində oğul ata-ananın yanında uşağını qucağına alıb, əzizləməzdi. Yoldaşıyla danışmazdı. Lazım olanda bacı-qardaşı və anası ilə ünsiyyətdə olaraq, istəyini söyləyərdi. Bunu eşidən gəlin ərinin istəyini dinməz-söyləməz yerinə yetirərdi..."
Əsərdə dövrün əsas bəlalarından biri kimi imzasız məktublar haqqında bir neçə dəfə bəhs edən yazıçı onun törətdiyi fəsadları dilə gətirir. Moskvada təhsil alarkən Ali Partiya Məktəbinə Asim Kərimov haqqında böhtan xarakterli bir imzasız məktub daxil olur. Asim bu məktubu səhvini bir dəfə bağışladığı müəllim yoldaşı tərəfindən yazıldığını dərhal hiss edir. Bu, Asimin keçmiş sevgilisi Şəhlanın həyat yoldaşı Mərdan müəllimdir. Ədalət mühakiməsi böhtançını cəzalandırır. Və bu cəza günahkarın məhvi ilə nəticələnir.
Əsərin ən təsirli və ağrılı bölməsi ötən əsrin səksəninci illərində başlamış Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin gedişi fonunda baş verən tale yüklü hadisələrin yer aldığı bölmədir. Müəllif mitinqlər və 20 yanvar hadisələrini ürək ağrısı ilə təsvir edir və baş verən dəhşətləri Asimin ailəsindən yan keçmədiyini özünə məxsus ustalıqla təqdim edir.
Asimin Könüldən və Zərifədən olan oğlanlarının hadisələrin gedişi dövründə tanış olmaları, yaralı qardaşa yardım, Şəhlanın qızının qayğıkeşliyi, Zərifəyə öz evində işğalçı gülləsinin dəyməsi oxucu hisslərinin tarıma çəkilməsinə səbəb olur. İki ailənin bir araya gəlməsi isə əsərin kuliminasiya nöqtəsini təşkil edir. Asim məsələnin gizlədilməsinin əsas səbəbinin o dövr hakimiyyətinin maneə olduğunu qeyd etməklə, sanki ağır yükdən azad olur.
Müstəqillik dövrü də Fazil Sənan qələminin qüdrəti ilə tam aydınlığı ilə oxucu qəlbinə yol açır. Lakin mübarizə bununla bitmir. Müəllifin təbirincə desək "Erməni vəhşiliyi getdikcə baş alıb gedirdi. İnsanlığa sığmayan vəhşiliyin son həddi olan Xocalı faciəsinin baş verməsi əli silah tutan azərbaycanlıları silaha sarılmağa məcbur etdi..."
Asimin oğlanları Zaurla Vasif də cəbhəyə yollanır. Nəhayət, günlərin birində hərbi komissarlıqdan zəng gəlir: "Xahiş olunur, hərbi komissarlığa gələsiniz".
-Yaxşı, deyən Asimin dizləri büküldü. ...Könül, hər şey mənə məlumdur və Asimə "Dur gedək oğlumuzu qarşılayaq", dedi.
Mən burada dəfn mərasimində Asimin ürək dağlayan çıxışı haqqında danışmağa çətinlik çəkdiyimə görə həmin epizodu əsərin özündən oxumağı tövsiyə edərdim.
...Ölümündən sonra Kərimov Vasif Asim oğluna Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi ilə bağlı keçirilən böyük tədbirə Asimi, Könülü, bacı-qardaşlarını da dəvət etmişdilər..."
Lakin taleyin qəddarlığı bununla bitmir. Bəla, bəla üstündən gəlir. Hadisələrə dramatik çalar vermək Fazil Sənan yaradıcılığının əsas əlamətlərindəndir. Yazıçı bu romanında da bu yaradıcılıq ənənəsinə sadiq qalır.
"...telefon zəng çaldı. Asim dəstəyi götürüb, "Alo" eşidirəm söylədi.
- Asim müəllimdir?
- Bəli.
- Rayon Hərbi Komissarlığındandır? Xahiş edirik ki, hərbi komissarlığa gələsiniz.
- Gələrəm, - deyən Asim dəstəyi yerinə qoyub, güclə özünü çarpayıya çatdıraraq uzandı..."
Bu, Asim və Könülün ikinci şəhid olan oğlu Zaurdur.
Burada tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlilin bir kəlamı yada düşür: "Ölümün qolları güclü olsa da, Vətən məhəbbəti güclüdür ondan..."
Vətən səmasını qara buludlar alanda əsərin qəhrəmanı Asimin iki oğlu cəbhəyə yollandı və şəhid oldu.
Bu məqamda isə məşhur fransız yazıçısı Viktor Hüqonun bir kəlamı yadıma düşür: "Eşq uğrunda hə-yatımı verərəm, azadlıq uğrunda isə esqimi də fəda edərəm".
Lakin həyat davam edir. Asim evə gələndə Könül yaxınlaşaraq, "Muştuluğumu ver. Ayşadın oğlu olub", - dedi.
... Zaurun ölümündən sonra on iki gün sonra, 1994-cü il mayın 12-də atəşkəs elan oldundu. Bax, taleyin yazısından qaçmaq mümkün deyil, buna deyərlər..."
Əsərin ən təsirli epizodlarından biri də işğal altında olan regionlarımızın xatırlanmasıdır. Bu mənzərə Fazil Sənan qələmi ilə özünün bədii həllini incə şəkildə tapır: "...Bəzi vaxtlar yolları rayona düşən Asimlə Könül yol kənarında yol nişanlarında Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Ağdam və s. işğal olunmuş şəhər və rayonların adlarını, hətta həmin adları çəkilən yaşayış məntəqələrinə nə qədər məsafə qalmasını oxuyanda içlərindən bir ağrı keçirdi.
"Axı bu yol nişanlarını saxlamaq nəyə lazımdır? Adamda əsəb yaratmaqdan başqa heç nəyə lazım deyil. Otuz ilə yaxındır hər dəfə yol nişanlarında işğal olunmuş şəhər və rayonların adlarını oxuyanda istər-istəməz köhnəlmiş yaraların qaysağı yenidən qopur", düşünən Asimlə Könül, bir gün payızın ilk günlərində eşitdilər ki, İkinci Qarabağ - Vətən müharibəsi başlayıb və Azərbaycan ordusu işğal olunmuş şəhər və kəndləri bir-bir azad edərək irəliləyir. Xalq ordunun və dövlətin yanında olmağı ilə, mənəvi dəstəyini göstərdi.
Şuşanın fəth olunması Azərbaycan ordusunun qələbəsi idi..."
Əsərdə üçüncü nəsil hesab olunan nəvələr Zaurla Vasifin döşlərində orden və medallarla nənə-babalarının görüşünə gəlməsi epizodu isə yarım əsrlik zaman zəncirini tamamlayır və romana epopeya həcmi və tutumu verir.
Azadlıq uğrunda ölüm şərəfli və gözəldir. Şəhidlər öz ölümsüzlükləri ilə ölümə qalib gəlir, ölümü də gözəlləsdirir və mənalı edir. Əsərlərin ən gözəli vətən, xalq və azadlıq uğrunda vuruşanlara, mücadilə apa-ranlara və bu yolda şəhidlik zirvəsi fəth edənlərə həsr olunmuş əsərlərdir. Təbii ki, belə əsərlərin müəllif-ləri təqdirə, yüksək hörmətə və ehtirama layiqdirlər.
Yazıçı Şəhlanın sağalmaz xəstəliyə düçar olması və vəfatı səhnəsini də öz yaradıcılıq üslubu ilə şərh edir.
Əziz oxucu, bu səhnəni məqələmin əvvlərində təsvir etdiyim üçün burada bir daha təkrarlamağı lazım bilmirəm.
Ürəklərə yol tapa bilən ədəbiyyat nümunələri sənətkarlıq əsərləridir. Həmin əsərlər sənətkarlarını inamla yaşatmaqdadır. Belə əsərlərin müəllifləri tarixin yaddaşlarında uzun müddət yaşayır.
Kitab gözəl tərtibatla mükəmməl korrektura (Anar Fazilzadə) və redaktə (Səlbi Baxış) ilə nəşr olunmuşdur. Roman sadə xalq dilində, Qarabağ diksiyasında qələmə alınmışdır.
Sonda gənclərimizə tanınmış yazıçı Fazil Sənanın "Unudulmaq qorxusu" əsərini oxumağı tövsiyə edərdim. Bu əsər Azərbaycan tarixinin təxminən yarım əsrdən artıq bir dövrünü əhatə etməklə tariximizin küşməkeşli bir dövrünün öyrənilməsi baxımından zəngin bir mənbə kimi dəyərləndirilə bilər. Zənnimcə orta ümumtəhsil məktəblərinin ədəbiyyat dərslərində əlavə oxu materialı kimi belə əsərlər tədris proqramlarına salınmalıdır.
Daha sonda Azərbaycan yazıçısı Fazil Sənana yeni- yaradıcılıq uğurları arzulayıram.
İsgəndər Səklikov (İsgəndər Fərhadoğlu)
Əməkdar müəllim, AYB və AJB üzvü.