EN

Psixoloqlar da bir-birlərinə müraciət edirlər? – Psixoloqdan ETİRAF

“Bəzən psixoloqlar da bir-birlərinə müraciət edirlər”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu da çox normal haldır:


“Bu peşəkar baxımdan tam normal, hətta yəni vacib olan bir haldır. Bizim psixoloq olmağımız insan olmağı aradan qaldırmır. Biz də emosiyalar yaşayırıq, çətinliklərlə qarşılaşırıq, bəzən kənar obyektiv baxışa ehtiyac duyuruq. Həmçinin, bizim də emosiyalarımızda dalğalanmalar baş verir və buna həll yolu tapa bilmirik.


Bəzi psixoloqlar var ki, öz rəfiqəsi və yaxın olduqları psixoloqlarla danışıb bunu bölüşürlər, bəziləri isə başqa mütəxəssis psixoloqlara müraciət edirlər. Sözsüz ki, bu insandan və psixoloqdan psixoloqa dəyişən bir faktordur. Bəzi hallarda psixoloqların ən yaxın rəfiqəsi psixoloq olduqlarına görə, onlar bərabər şəkildə bir-birlərinə hər hansı bir baxış bucağının dəyişdirilməsi üçün yol tapılmasında bir-birlərinə dəstək olurlar. Əgər bir psixoloqun rəfiqəsi, yaxın dostu yoxdursa, artıq bəzi hallarda başqa psixoloqa müraciət edə bilir. Çünki biz də duyğulardan, düşüncələrdən, yaşantılardan və hekayələrdən ibarət bir insanıq”.

Ekspert qeyd edib ki, psixologiya sahəsində olan psixoloqun öz üzərində işləməsi əsas prinsiplərdən biridir:
“Psixologiya sahəsində olan insanlar mütəmadi olaraq superviziyalar alır və yaxud mütəmadi olaraq terapiyaya gedirlər. Bir çox psixoloq üçün terapiya şəxsi inkişafdır. Yəni şəxsi inkişaf qatıldığımız dərslər, oxuduğumuz kitablar, və öyrəndiyimiz məlumatlardır. Sözsüz ki, terapiya növləri çoxdur. Kim hansı terapiya növündə sakitləşirsə, ona müraciət edə bilər. Bu həm şəxsi inkişaf, həm də müştərilərlə daha sağlam işləmək üçün çox vacibdir. Çünki mütəmadi olaraq çalışdığımız üçün çalışılır biz də istər-istəməz dinlənməyə, sakitləşməyə və yaşanan hekayələrimizi bölüşməyə ehtiyac duyuruq. Müəyyən mövzularda başqa mütəxəssisə müraciət etmək həm peşəkar məsuliyyət, həm də özünə qayğı formasıdır”.

Nabat Mirzəyeva özündən də nümunə verib:
“Məsələn, mən bir psixoloq olaraq ən yaxınlarımla bölüşərək, onlarla mövzunu danışaraq, sağlam şəkildə baxış bucağımı inkişaf etdirirəm. Mən mövzulara “oldu, bitdi” deyil, mənə nə qatdı deyə yanaşıram. Hər şeyimi tamamilə rahat bölüşə biləcəyim insanlar ola bilər ki, onlarla bölüşərək bəzən daxili dünyamdakı aydınlıq tapmadığım mövzulara aydınlıq tapmağa çalışıram. Bəzən insan öz problemlərinə kənardan baxmaqda çətinlik çəkir. Bu zaman başqa bir psixoloqun, yaxınımızın, yəni psixoloqumuzun və ən dəyər verdiyimizin dəstəyi çox faydalı olur”.

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:
“Psixoloqun dəstək alması onun zəifliyi deyil, əksinə peşəsinə, öz psixologiyasına, yaşadığı hekayələrin, yaşadığı emosiyaların sağlamlığına qarşı məsuliyyətli şəkildə yanaşması deməkdir. Deməli, o psixoloq özünü, baxış bucağını, yaşadığı hekayələri daha da təkmilləşdirmək istəyir. Çünki hər bir psixoloqun başqa psixoloqa ehtiyacı var”.

Pərviz

Chosen
18
hit.az

1Sources