EN

Uşaqlar neçə yaşdan loqopedə müraciət etməlidir? -AÇIQLAMA

"Loqopedə müraciət hər zaman mümkündür. Bu, bir yaşda da, iki yaşda da ola bilər. Lakin autizm sindromlu uşaqlarla erkən yaşda psixiatr tərəfindən rəy verilibsə, artıq burada loqopedik işdən daha çox psixopedaqoji, sensor və adaptiv fiziki tərbiyə məşğələlərinin aparılması daha önəmlidir"

Redaktor.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova dedi.

Onun sözlərinə görə, 0-3 yaş arası uşaq loqopedik dərslərə pedaqoji baxımdan hazır olmur:

"Bu dərslər təqlid üzərində qurulduğuna görə uşaqda oturma potensialı və təqlid bacarığı olmalıdır. Bu bacarıqlar zəif olduqda loqopedik dərslərdə dinamika müşahidə olunmur. Ona görə də bu dərslər üçün ən məhsuldar dövr 4-5 yaş arası hesab olunur. Erkən dövrdə isə psixopedaqoji işlər və sensor dərslər daha effektiv olur, uşaqlar üçün daha vacib bacarıqların formalaşmasına şərait yaradır.

Valideynlər hər zaman müraciət edə, yaxınlaşa və suallar verə bilərlər: “Gecikmə varmı? Bizə necə dəstək ola bilərsiniz? Yanaşmanız fərqlidirmi?” Mütəxəssis valideynlə ünsiyyət quraraq onu maarifləndirə, evdə uşağa necə yanaşmalı olduqlarını izah edə bilər. Təlim baxımından isə uşağın üç yaşdan yuxarı olması daha məqsədəuyğundur. Loqopedə müraciət edildikdə diqqət yetirilməlidir ki, mütəxəssis fərqli yanaşma tətbiq etsin və dərslər monoton olmasın. Şablon dərslər bu cür uşaqlarda maraq yaratmır. Buna görə də psixopedaqoji dərslər, duyğu yönümlü məşğələlər və adaptiv idman loqopedik dərslərlə paralel aparıldıqda nəticə daha effektiv olur".

NURİYYƏ

Chosen
3
1
redaktor.az

2Sources